İngiltərə milli komandasının hücumçusu Ayven Toni Londonun mərkəzindəki gecə klublarından birində bir nəfərə hücum etməklə bağlı işdə özünü təqsirli bilmədiyini bəyan edib.
Sportal.az xəbər verir ki, Vestminster Magistrat Məhkəməsində keçirilən iclas zamanı "Əl-Əhli"nin futbolçusu şəxsi məlumatlarını təsdiqləyib və bədən xəsarətləri yetirilməsi ilə nəticələnən hücum ittihamlarını rəsmi şəkildə rədd edib.
İnsident dekabrın 6-da Vordur küçəsində yerləşən gecə klubunda baş verib. İttiham tərəfinin versiyasına görə, Toni zərərçəkmiş Saber da Silvaya baş və yumruqla zərbə endirib.
Hazırda 30 yaşlı forvard şərtsiz girov müqabilində sərbəst buraxılıb. Bu iş üzrə növbəti dinləmə oktyabrın 29-na təyin edilib və Sauterk Kral Məhkəməsində keçiriləcək.
Xatırladaq ki, Ayven Toni İngiltərə milli komandasının heyətində 10 oyun keçirib və AÇ-2024-ün finalına yüksələn komandanın üzvü olub. Peşəkar karyerasına "Northempton Taun"da başlayan hücumçu sonralar "Uiqan Atletik" və "Piterbou Yunayted"də çıxış edib, ən böyük şöhrəti isə "Brentford"dakı çıxışları dövründə qazanıb.
saytlarin hazirlanmasi
