Uşaq futbolunun inkişafı yaınız klubların ümidinə qaldıqca, ciddi dəyişən heç nə olmayacaq. "Sabah", "Qarabağ", "Neftçi" kimi imkanlı klublar bu sahəyə böyük yatırımlar etsə belə, azdır. Çünki bu elə prosesdir ki, bütün ölkəni əhatə eləməlidir. Minlərlə yox, yüz minlərlə uşağın içindən tapıb çıxarılmalı, yetişdirilməlidir istedadlar.
AFFA belçikalılara İnkişaf Strategiyası yazdırdı. Amma həmin plan rəflərdə tozlanır. Belə görünür ki, o böyüklükdə layihəni həyata keçirmək üçün maliyyə tapmaq mümkün olmayacaq. Lakin bu o demək deyil ki, saray tikmək mümkün deyilsə, sadə birmərtəbəli ev tikməkdən də vaz keçmək lazımdır. Böyük layihə alınmırsa, AFFA kiçikdən başlamalıdır.
Bütün ölkə üzrə Olimpiya Kompleksləri var, hamısında da stadion. Bunun özü də AFFA üçün bir fürsətdir. Həmin kompleksləri uzunmüddətli icarəyə götürüb, yaxşı şərait qurub, uşaq futbol akademiyaları üçün baza qurmaq olar. Belçikalıların yazdığı kimi deyil, amma meydança, hovuz, fitnes və s. şərait mövcuddur.
Məsələn, pilot layihə kimi Ağcabədidən başlamaq olar. Zərdab, Bərdə, Tərtər, Beyləqan, Fizuli, Ağdam kimi yaxın rayonlardan seleksiya aparmaqla, şərti adı "Ümid" olan, AFFA-ya məxsus Uşaq Futbol Akademiyası yaratmaq mümkündür. Bütün maliyyələşmə və təyinatlar federasiya tərəfindən olacağı halda bu iş daha yaxşı nəticə verəcək.
AFFA hər il heç olmasa bir-iki belə akademiya yarada bilsə, bir də baxacağıq ki, ölkədə klublara bağlılığı olmayan xeyli sayda futbol məktəbləri fəaliyyət göstərir. Əsas odur ki, nədənsə başlayaq və dayanmayaq!
Emin Abbasov
saytlarin hazirlanmasi
