"Qarabağ" - "Vilyarreal" oyunu Türkiyədə

20:30 - 22 Oktyabr 2020

"Qarabağ" Avropa Liqasının II turunda İspaniyanın "Vilyarreal"la ev oyununu Türkiyədə keçirəcək.

Sportal.az xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb. Məlumatda bildirilir:

Hazırda ölkəmizin bütün cəbhəboyu əks-hücum əməliyyatları uğurla davam edir və ölkəmizdə hərbi vəziyyət elan edilib.

Məlum olduğu kimi, iki gün öncə UEFA İcraiyyə Komitəsi ölkəmizdə vəziyyəti nəzərə alaraq, "Qarabağ"ın qrup mərhələsində ilk ev oyununu neytral meydanda keçirilməsi ilə bağlı qərar qəbul edib. Və "Vilyarreal"la matçının hansı ölkədə keçirilməsi ilə bağlı UEFA tərəfindən bir neçə ölkə kluba təqdim edilmişdir.

Lakin həmin ölkələrdə klubun təhlükəsizliyi, kluba qarşı hər hansı bir təxribat olması ehtimalı və digər məsələləri nəzərə alan klub tərəfindən anında UEFA-ya məlumat verilib və "Vilyarreal"la matçın hər zaman öz dəstəyi ilə yanımızda olan Türkiyədə keçirilməsi üçün tutarlı əsaslarla müraciət göndərilib və bu müraciət UEFA tərəfindən müsbət qarşılanıb.

Ali futbol qurumunun tələbi ilə qarşılaşma bu mövsüm avrokuboklarda ev sahibliyi etmiş stadionda keçirilməlidi. Bununla bağlı qardaş Türkiyə təmsilçilərinə klub tərəfindən məktub ünvanlanıb. Və qardaş ölkə təmsilçiləri klubuun məktubuna "Stadionumuz hər zaman "Qarabağ"ın  xidmətindədi" cavabını göndərib. Başda "Qalatasaray" olmaqla, öz dəstəyini əsirgəməyən qardaş ölkə təmsilçilərinə təşəkkür edirik.

Hazırda Çempionlar Liqasının qrup mərhələsində iştirak edən "İstanbul Başakşehir" klubunun stadionu isə texniki cəhətdən UEFA-nın tam təmin olunduğuna görə "Qarabağ" "Vilyarreal"la ev matçını məhz "Başakşehir"in Fatih Terim adına stadionunda keçirəcək.

"Qarabağ" Futbol Klubu olaraq, "Başakşehir" klubuna könüldən göstərdiyi dəstəyə görə təşəkkür edirik.

Xəbər xətti