Rəşad Sadıqov: "Qol epizodu yaratmaqda çətinliyimiz var"

19:22 - 31 Oktyabr 2020

"Zirə"nin baş məşqçisi Rəşad Sadıqov Premyer Liqanın VIII turunda "Səbail"lı qolsuz heç-heçəni şərh edib.

Sportal.az xəbər verir ki, 38 yaşlı mütəxəssis oyunsonrası mətbuat konfransında deyib:

"Bu oyunda komandamdan daha çox şey gözləyirdim. Mübarizə əsasən meydanın mərkəzində getdi. Çox baxımlı futbolun şahid olmadıq. Halbuki daha yaxşı oynaya bilərdik. Bunun üçün potensialımız var. İstədiyimizi gerçəkləşdirə bilmədik".

Bəzi epizodlarda futbolçularına sərt reaksiya verən baş məşqçi onlara dəstək olduğunu da vurğulayıb: "Özüm də bu cür reaksiya ilə az üzləşməmişəm. Bir çox məşqçi futbolçularından nə isə tələb edir. Heç də hər zaman belə deyiləm. Çünki onlara dəstək olduğum anlar da olub. Ona görə tələbkarlıq göstərirəm ki, daha yaxşı oynaya bilərlər. Futbol oynadığım vaxtda özüm də çox tələbkar olmuşam, epizodlara reaksiya vermişəm".

Mütəxəssis qol epizodları yarada bilmədiklərini söyləyib: "Son 3 oyunda qol vurmaqda çətinlik çəkirik. Cəmi 1 dəfə fərqlənmişik. Sumqayıtda yaxşı qol imkanlarımız oldu. "Qarabağ"la matçda bəzi epizodlarda yaxşı əks-hücuma keçdik. Qol epizodu yaratmaqda çətinliyimiz var. Rəqiblərimiz də bizi analiz edir. "Səbail" yaxşı müdafiə olunurdu. Hücumçu elədir ki, ona şərait yaratmaq lazımdı".

Xəbər xətti