“Bu tәşәbbüs yalnız dövlәtin xeyir-duası ilә uğur qazana bilәr” – Vüsal Mahmudov

18:10 - 5 Dekabr 2020

Azәrbaycan artıq qalib ölkәdi. Bu, xalqın hәyatını çox dәyişәcәk. Daha böyük layihәlәrlә daha güclü dövlәt, sağlam cәmiyyәt formalaşdırmağa tarixi zәrurәt vә zәmin yaranıb. Arzulanan, gözlәnәn proseslәrin sırasında ölkәnin media potensialının sәrhәdlәri aşması, müasir tәlәblәrlә ayaqlaşması da şübhәsiz ki, var. 

Hәmişә ümumi gedişatın kandarında var-gәl edәn idman mәtbuatının yeni çağırışlarda rolu nәlәrdәn ibarәt olsun - "futbolinfo.az"ın tәsisçisi vә baş redaktoru Vüsal Mahmudovla söhbәtlәşdik:


- Azərbaycan tarixinin ilk və ən güclü əks-hücumunu möhtəşəm qələbəylə möhürlədi. Görəsən, gələcəkdə futbolda belə zəfərə nail ola bilərikmi?
- Müqayisəniz yerində və əladı. Situasiyalar oxşardı. İşğal altında olan torpaqları möhtəşəm əks-hücumla azad etdiksə, işğaldakı futbolumuzu da belə təmizləyə bilərik. Həm də futbolda daha asandı. Əvvəla, ona görə ki, ortada gözəl nümunə var. İkincisi, xarici təzyiqlər az olacaq, daxildəki işimizi özümüz görəcəyik. Düzdü, indiki AFFA rəhbərliyi də illərdi boş oturmayıb, FIFA-da, UEFA-da lobbiçiliklə məşğul olublar. Yəqin Fransa misalı himayədarları çıxacaq, dövlətin futbola qarışmamalı olması barədə nağıl danışacaqlar. Amma SOCAR-ın milyonları dövlət qayğısı sayəsində futbola axanda susan beynəlxalq qurumlar indi də heç nəyə müdaxilə edə bilməz. Həm də futbolda əks-hücum üçün dronlar yox, sadəcə, əmr verən barmaq işarəsi lazımdı.
 
- Prezident İlham Əliyev hər çıxışında ölkənin gələcəyinin tam fərqli, daha rifahlı olacağını vurğulayır. Yeni çağırışlar var. Bu çağırışların medianın mahiyyətinə təsir edəcəyini gözləyirsinizmi?
- Çağırışlar ümid verir. Amma mahiyyəti dəyişmək üçün baxış bucağı da dəyişməlidi. Dövlət maraqları, milli maraqlar əsas tutulmalı, həqiqətən inkişafa yönəlik təbliğatın aparılması, maarifləndirmənin prioritet olduğu sistem düşünülməlidi. Bunun üçün hər cür imkan var. Sadəcə, Əli Həsənov və dəstəsinin səhvlərini təkrarlamaq olmaz, iş səriştəli peşəkarlara tapşırılmalıdı.
 
- İdman mediasının əsas qayğıları nələrdi və təcrübəli həmkar kimi yeni çağırışlardan nə gözləyirsiniz/hansı töhfələr vacibdi?
- Sahə jurnalistikası həmişə ümumi medianın bir addım gerisində qalıb. Halbuki xüsusilə futbol jurnalistlərinin bacarıq və peşəkarlığına görə ön cərgələrdə olduğunu düşünürəm. Faiz etibarı ilə hər zaman ən az diqqət göstərilən sahə olsa da, işin keyfiyyəti mənasında daha yaxşı münasibətə layiq olmuşuq. Potensial oxucu kütləsini nəzərə alsaq, belə olmamalıdı. Oxucuların heç də hamısı siyasətlə, iqtisadiyyatla, sosial problemlərlə maraqlanmır. Ayrı-ayrılıqda bəlkə də hərəsi oxucu kütləsinin 40, 50, 60 faizini təşkil edir. İdmanla, futbolla maraqlanmayan oxucunu isə sadəcə, təsəvvür etmirəm. Qayğılar çoxdu və siyahı təqdim etməyə gərək duymuram. Bütün qayğıların həllini özündə birləşdirən maliyyə dayaqlarına ehtiyac var. Yeni çağırışçılar mütləq bunu nəzərə almalıdı. Hər il onlarla beynəlxalq səviyyəli idman yarışı qəbul edən ölkəmizin həmin tədbirləri yüsək səviyyədə təbliğ edən, işıqlandıran idman mediası yoxdu.
 
- İdman jurnalistikasının cild dəyişməsinə ciddi ehtiyacların olması müntəzəm qabardılır, lakin ciddi addımlar görünmür. Bunun səbəb və nəticə əlaqələri haqqında fikirləriniz maraqlıdır...
- Klassika heç vaxt unudulmamalıdı. Azərbaycanda mətbuatın böyük ənənələri var. Onları unutmaq mümkünsüzdü, həm də arzuolunan deyil. Cild dəyişməyə kimi biz elementar imkanlara malik olmalıyıq. Təməli, bünövrəni bərpa etdikdən müasir tələblərə uyğunlaşmaq lazım gələcək. Maddi-texniki baza düzəldikdən sonra bacarıqlı peşəkarlar ən yeni texnologiyaları mənimsəyən gənclərlə birgə istənilən çağırışları qəbul edəcək, adekvat cavab verəcək. Əslində, cild dəyişmə öz-özünə reallaşır, amma prosesi nizama salmaq, cilalamaq lazımdı.
 
- Daha əvvəl bu sahədə müəyyən cəhdlər olsa, təşkilatlanma meyilləri görünsə də, sanki effekt vermədi. Hansı səbəbləri qeyd edə bilərsiz?
- Əvvəla, bütün cəhdlərdə səmimiyyət çatışmadı. Heç birində hədəf medianın inkişafı deyildi. Təşəbbüskarlar daha çox medianı özləri üçün alətə çevirməyə çalışdılar. Əsas səbəb bu idi və iflasa uğradı. Xüsusilə idman mediasında əksər peşəkarlar azad qalmağı üstün tutdu. Digər vacib məqam maliyyə dayaqlarının yoxluğu, azlığı idi. Lakin hətta maliyyə olsaydı belə, bir qrup məqsədli təşəbbüskarın istəkləri reallaşmayacaqdı. Bu təşəbbüs yalnız dövlətin xeyir-duası ilə uğur qazana bilər. Düzdü, yenə hansısa formada sifarişçini görəcəyik, lakin bu dəfə sifarişi verən dövlət olacaqsa, hamı qəbul edəcək. Çünki bu sifariş kiminsə yox, dövlətin mənafeyinə xidmət edəcək.
 
- Təşkilatlanmada dayanıqlılıq əldə etməkçün nə lazımdır və nəhayət, bu istiqamətdə tutarlı təşəbbüs görə biləcəyikmi?
- Maliyyə resursu olmadan bütün təşəbbüslər iflasa məhkumdu. Ölkədə azad reklam bazarı yoxdu, daha doğrusu, zəif inkişaf edir. Reklam bazarına nüfuz edənə, əməkdaşlıq üçün maraq yaradana kimi dotasiyalar vacibdi. Müəyyən KİV-ə imkanlar yaradılmalı, eyni zamanda prosesin gedişinə nəzarət edilməlidi ki, hədəfdən yayınmalar olmasın. Media dirçələndən, ayaqda durmağa taqət tapandan sonra dayanıqlılığını özü təmin edəcək. Bunu bacaranlar davam edəcək, bacarmayanlar təbii yolla sıradan çıxacaq.
 
- Aydındı ki, idman mediası spesifik sahədi, ancaq sanki ümumi mətbuatdan/mediadan tam aralı düşüb. Bunu dəyişmək üçün nələr etməyə ehtiyac var?
- Fərdi təşəbbüslər vacibdi. Eyni zamanda təşkilatlanma olmalıdı. Kimdənsə asılı olmadan, diqqəti sırf idman mediasına çəkmək üçün təşəbbüs göstərmək zamanıdı. Ötən illər göstərdi ki, idmana xərclənən milyardların hətta 0,1 faizi bu sahənin işıqlandırılmasına, təbliğatına sərf edilmədi. Çünki idmana möhtəşəm dövlət qayğısının fonunda bu diqqətə layiq işlər görülmədi. İş görülmürsə, deməli, təbliğ edilməli heç nə yoxdu. Təbliğata gərək duyulmursa, bu da idman mediasına diqqətin gərəksiz olduğu deməkdi. İdman nediasının kənarda qalmasının səbəbi budur. İndi yeni sistemin qurulacağına ümid bəsləyir, yeni çağırışlar gözləyirik. Həqiqətən də ölkə çapında inkişafa yönəlik, şəffaf proses başlayacaqsa, onun təbliğatı üçün medianın güclənməsinə də ehtiyac yaranacaq. Yəni, mediaya diqqət görüləcək işlərdəki səmimiyyətdən asılı olacaq. İdman mediası bu axından kənar qala bilməz. Çünki ölkə rəhbərliyi illərdi Azərbaycanın idman ölkəsi kimi tanınması üçün xeyli əmək sərf edib. İşlərin daha uğurla davam etdirilməsi üçün bütün sahələrdəki çatışmazlıqlar aradan qaldırılmalıdı. İşə mediadan başlanması daha doğru olardı. Çünki məmur özbaşınalıqlarını, qəbahətləri ifşa, ən doğru təşəbbüsləri təbliğ edəcək şəxslər jurnalistlərdi. (Futbolpress.az)

Xəbər xətti