Milli məfkurə, mədəni irs üzərində qurulan idman siyasəti LAYİHƏ

Medianın İnkişafı Agentliyi layihəsi: Uşaq və gənclərin fiziki və mənəvi inkişafı mövzusunda IV YAZI

 

Zəngin təbii resurslara və insan potensialına malik Azərbaycanın bir dövlət kimi gələcəyinin müəyyən edilməsi gənc nəslin hansı ruhda, hansı formada yetişdirilməsindən əhəmiyyətli dərəcədə asılıdır. İkinci dəfə xalqın təkidli tələbi ilə hakimiyyətə gəldikdən sonra Ümummilli lider Heydər Əliyev daim məsələnin bu tərəfinə xüsusi diqqət edir və bildirirdi ki, gənclər Azərbaycanın gələcəyini öz çiyinlərində irəliyə aparmalıdırlar: “Əmin olduğumu bildirmək istəyirəm ki, Azərbaycanın gəncləri məhz bu müqəddəs məqsədlərə sadiq qalacaqlar və öz həyat tərzləri, istedadları ilə ölkəmizin gözəl gələcəyini təmin edəcəklər”. Gənclər qarşısında qoyulan bu missiya nail olunması üçün idman amilinə xüsusi diqqət yetirilirdi.

 

 

Məhz Heydər Əliyevin rəhbərliyi altında Azərbaycanın inkişafının o vaxtkı mərhələsində bədən tərbiyəsi və idman sisteminə yeni sosial tələblər formalaşdı. Azərbaycanın bazar iqtisadiyyatına və demokratik cəmiyyətə keçməsi kontekstində qlobal dəyərlərin və idealların mənimsənilməsinə paralel olaraq, sağlam həyat tərzinin vacib tərkib hissəsi olan ümummilli bədən tərbiyəsi və idman modelinin aktiv tətbiqi istiqamətində əməli addımlar atıldı. Müstəqil Azərbaycanın prezidenti seçildikdən qısa müddət sonra, 1993-cü ilin noyabrında Ulu öndər dünya və Avropa miqyaslı yarışlarda yüksək nəticələr göstərmiş Azərbaycan idmançıları ilə bir araya gəldi. Bu görüşdə Heydər Əliyev çox mühüm məqamlara toxunaraq qeyd etdi ki, idmançılar dövlətin xüsusi qayğısı ilə əhatə olunmalıdırlar. Ən əsası, bu qayğı həm də ölkəmizdə idmanın inkişafına, istedadlı idmançıların potensial imkanlarının açılmasına xidmət etməlidir. Məhz göstərilən istiqamətdə əməli addımlar atıldı. Bunun nəticəsi idi ki, artıq 1994-cü ildə Azərbaycan idmançıları Avropa və Dünya Kuboku yarışlarında 49 medal qazandılar. Bunlardan 12-si qızıl, 15-i gümüş, 22-si isə bürünc idi və o dövr üçün bu, yaxşı göstərici hesab edilirdi. 

 

 

Olimpiya idman növü üzrə də göstəricilər pis deyildi və həmin vaxt idmançılarımız 18 medal qazanmışdı. Onlardan  7-si qızıl, 4-ü gümüş, 7-si bürünc idi. Qeyri-Olimpiya idman növlərindən qazanılan medalların sayı 31-ə çatırdı. Bunun da 5-i qızıl, 11-i gümüş, 15-i bürünc idi. Bütün bu göstəricilər yeni müstəqillik tarixində Azərbaycanda idmanın sürətli inkişaf yoluna qədəm qoymasının ilk işartıları idi. Bundan bir il sonra beynəlxalq idman yarışlarında yüksək nailiyytlər əldə edərək Vətənə dönən  idmançılar və onların məşqçilərilə görüşdə Ulu öndər Heydər Əliyev bildirirdu: “Biz müstəqil dövlət kimi gəncik. Müstəqilliyimizi də, dünya birliyində, beynəlxalq aləmdə tutduğumuz yeri də möhkəmləndirməyə çalışırıq və Azərbaycanı dünyada hamıya tanıtmaq istəyirik. Ancaq aydındır ki, bu birgünlük, yaxud birillik iş deyil, uzun sürən bir işdir... Azərbaycan bayrağı dünyada rəsmən, demək olar ki, iki dəfə qaldırılır. Bu, bir dəfə Azərbaycanın dövlət başçısı hər hansı bir ölkəyə gələndə olur. Şübhəsiz, BMT-nin qarşısında başqa ölkələrlə yanaşı, Azərbaycanın da bayrağı daim dalğalanır. Əlbəttə, başqa ölkələrdə bizim səfirliklər Azərbaycanın bayrağını daim saxlayırlar. Lakin bayrağın qaldırılması məsələsində, qeyd etdiyim kimi, Azərbaycanın dövlət başçısı hər hansı bir ölkəyə gələrkən və bir də ki, idmançılarımız beynəlxalq yarışlarda çempion adı qazanarkən, Azərbaycan himni səslənir, Azərbaycan dövlət bayrağı qaldırılır”.

 

 

Heydər Əliyevin məsələyə bu prizmadan yanaşması gənclərə həm də mənəvi cəhətdən böyük ruh yüksəkliyi verirdi. Onun rəhbərliyi altında idman siyasəti milli məfkurə, mədəni irs və düşüncə sistemi, ən əsası, oturuşmuş tarixi ənənələr əsasında inkişaf etməyə başladı. Bununla idman gənclər arasında təkcə fiziki yox, həm də mənəvi inkişafa xidmət edən əsas vasitəyə çevrildi. Cəmiyyətin  fiziki və zehni sağlamlığını qorumaq və gücləndirmək vasitəsi kimi idmanın rolu artdı. Bu, zəzərli vərdişlərin, məsələn, narkotik maddə aludəçiliyinin, sərxoşluğun, tütünündən istifadənin azalmasına, digər  antisosial davranış  kimi mənfi proseslərə cəmiyyət müqavimətinin yüksəlməsinə səbəb oldu. Belə vəziyyət cəmiyyətin konsolidasiyası, millətin birliyinin möhkəmlənməsi prosesində də mühüm uğurların əldə edilməsinə öz müsbət təsirini göstərdi. Yeni Azərbaycanın iqtisadi sisteminin tərkib hissəsi olan güclü idman sənayesinin yaradılması da bu istiqamətdə növbəti mühüm uğura çevrildi. 

 

Mirbağırağa Cəfərli

 

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunub

 

 

Tarix: 28 İyul [20:09]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
23  Sentyabr 2017
© 2012 - 2021 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio