“Qarabağ”ın yeni transferi: “Hədəfimiz qrup mərhələsidir” - MÜSAHİBƏ

14:35 - 1 Avqust 2021

“Qarabağ”ın yeni transferi Marko Veşoviç futbolinfo.az-a müsahibə verib. 29 yaşlı monteneqrolu müdafiəçi “Qarabağ”a keçidindən, ilk təəssüratlarından, Mahir Emrelinin seçimindən, avrokubokdakı perspektivdən danışdı.

 

– “Qarabağ”a keçidin necə baş tutdu?

– Bir müddət öncə “Qarabağ”dan təklif gəldiyində heç tərəddüd etmədim. Gedib-getməmək barədə kiçicik tərəddüdüm olmadı. Son bir neçə ildə “Qarabağ”ı izləyirdim. Xüsusən avrokuboklardakı nəticələrinə baxırdım. Görürdüm ki, Azərbaycanı necə uğurla təmsil edir. Nəticələr göz oxşayırdı. Bu səbəbdən təklif gələndə heç düşünmədim. Qürurulandım ki, bu cür komandada oynayacam.

 

– Görünən odur ki, “Qarabağ” haqqında çoxlu məlumatın olub…

– Dediyim kimi, avrokublardakı nəticələrinə bələd idim, izləyirdim. Təklif gələndən sonra daha çox araşdırdım. Əsasən Balkan bölgələrindən olan futbolçularla məsləhətləşdim. Hansı ki, komandanı yaxşı tanıyırlar, Azərbaycanda karyeraları olub. Bosniya və Herseqovinadan, Xorvatiyadan, Serbiyadan və s. ölkələrdən olan oyunçularla danışdım. Bir daha əmin oldum ki, yaxşı klubdur. Çünki hamı ölkə haqqında, “Qarabağ” haqqında, Bakı haqqında müsbət fikirlər söylədi. Belə olanda seçim etmək çox asan olur. Bütün bu faktlar transferi sürətləndirdi.

 

– “Qarabağ” Konfrans Liqasının 2-ci mərhələsində İsrailin “Aşdod” klubunu keçsə də, çox çətinlik çəkdi. Bunun səbəbini nədə görürsən?

– “Aşdod” heç də asan komanda deyil. Gənc futbolçulardan qurulmuş mübariz bir heyətə sahibdirlər. Ona görə asan oyunlar olmadı. Lakin hər iki matçda üstün tərəf “Qarabağ” idi. Xüsusilə Bakıdakı matçı qeyd etmək istəyirəm. Yaxşı oynadıq, üstün idik və ən azı 2-3 qol vurmalıydıq. Belə olduğu halda işimiz daha da asanlaşacaqdı. Amma hamımız bilirik ki, təlim-məşq toplanışından sonra ilk oyunlar çətin keçir. Əgər nəticəyə oynayırsansa, daha ağır olur. Artıq iki rəsmi oyun keçirmişik. Getdikcə daha keyfiyyətli oyun ortaya qoyacağıq.

 

– Ağdam klubunda özünü necə hiss edirsən? Əsas heyətin daimi üzvünə çevrilmək üçün sənə nə lazımdır?

– Çox yaxşı hiss edirəm, burada əla kollektiv var. Sanki bir ildir ki, burdayam. Hamı mənə isti münasibət göstərir. Klubdakı hər kəs mehribandır. Futbolçular da bura tam uyğunlaşmağım üçün əllərindən gələni edirlər. O ki qaldı əsas heyətə düşməyə, hamı onun üçün çalışır. Bütün futbolçular əllərindən gələni edirlər ki, ilk “11-lik”də olsunlar. Biz çalışacağıq, seçim isə baş məşqçinin olacaq.

 

– Azərbaycan çempionatı barədə nəsə bilirsən? Son çıxış etdiyin Polşa Ekstraklasası ilə müqayisə edərsənmi?

– Azərbaycan çempionatında heç oynamamışam, müqayisəm doğru olmaz. Ekstraklasanın güclü olmasını onunla əlaqələndirərdim ki, orada fiziki gücə daha çox üstünlük verilir. Bu səbəbdən birə-bir mübarizələrdə fiziki cəhətdən güclü olmaq çox önəmlidir. Yüz faiz hazır olmaq lazımdır. “Qarabağ” daha çox topla oyuna üstünlük verir. Düzdür, “Legiya” da topla oyuna daha çox yer ayırırdı. Lakin digər komandalar fərqlidir və onlar fiziki güc üstündə oyun qururlar. Həm də Polşada hava şəraiti çox ağırdır. Orada hava çox soyuq olur, qışda mənfi 4, 5 dərəcə soyuqda oynamaq çətin idi. Bəzən mənfi 10 dərəcəyə çatırdı. Bu cəhətdən Polşa liqasının daha ağır olduğunu deyə bilərəm. Azərbaycanda isə digər komandalar barədə məlumata sahib deyiləm.

 

– Sən “Legiya”dan bura gəlmisən, Mahir Emreli isə “Qarabağ”dan “Legiya”ya keçdi…

– Əvvəl onu tanımırdım və “Legiya”ya transfer olunduqdan sonra məlumatım oldu. Düşünürəm ki, düzgün qərar verib. Oyununu inkişaf etdirsə, daha güclü liqalara gedə bilər. Ona uğurlar arzulayıram.

 

– Emreliye “Legiya”da uğurlu olması üçün ona nə lazımdır və sən hansı məsləhətləri verərdin?

– Mənim Mahirə deyə biləcəyim qeyri-adi bir şey yoxdur. Bu gün futbolda sağlam olmaq çox önəmlidir. Öz üzərində çox çalışmalıdır, işləməlidir. İstənilən klubda futbol bunları tələb edir. Daha çox zirvələr fəth etmək istəyirsə, çox işləməlidir.

 

– Konfrans Liqasının 3-cü təsnifat mərhələsində AEL-lə ağır oyun var, bu matçlara hazırsız?

– Çox çətin matç olacaq, çünki Konfrans Liqasında asan qarşılaşma olmur. Bütün komandalar uğur qazanmaq, mərhələ adlamaq istəyir. “Qarabağ” da, AEL də pley-off üçün mübarizə aparacaq. Limassol klubu haqqında kifayət qədər məlumata sahib deyiləm. Əminəm ki, məşqçilər heyəti analiz edib bizə rəqibin güclü və zəif tərəflərin deyəcəklər. Ümid edirəm ki, mərhələ adlayan tərəf “Qarabağ” olacaq. Hədəfimiz qrup mərhələsidi.

Xəbər xətti