"İstəyimiz divizionda çıxış etmək, daha da inkişaf etməkdi" - MÜSAHİBƏ

17:16 - 16 Yanvar 2022

Azərbaycan milli komandasının sabiq futbolçusu, hazırda “Cəbrayıl”ın prezidenti olan Cavid Hüseynov Sportal.az saytına müsahibə verib. O, komandasının gələcək məqsədlərindən və Azərbaycan Premyer Liqasında gedən mübarizədən danışıb.

- “Cəbrayıl”ın işləri necə gedir? Çempionatdakı çıxışınızdan razısınız?
- İşlərimiz yaxşı gedir, hər şey qaydasındadı. “Ruslan-93”də qış toplanışına yığılmışıq. Gündə 2 dəfə olmaqla məşqlər edirik. Komandamıza 9 yeni futbolçu cəlb olunub. Bu da ondan xəbər verir ki, qış fasiləsindən sonra biz daha da iddialı olacağıq. Yüksək yerlər uğrunda oynayacağıq.

- Komandaya bu qədər yeni futbolçunun cəlb olunması, Reginonal Liqasındakı iddianızdan xəbər verir?
- Biz təkcə Regional Liqası üçün yox, gələcəyimiz üçün də fikirləşirik bunları. Qurduğumuz komandanı, işin nəticəsini gələcək üçün hesablamışıq.

- Klubda maliyyə sıxıntıları var, yoxsa hər şey istədiyiniz kimidi? 
- Müəyyən faiz aradan qaldırılıb. Amma biz istəyərdik ki, maliyyəmiz daha da yaxşı olsun. Çünki daha da yaxşı işlər görmək üçün maliyyəyə ehtiyacımız var.

- Gələn mövsümdən “Cəbrayıl”ın birinci divizionda oynaması nə dərəcədə realdı?
- Biz işimizi tam peşəkar səviyyədə, düşünülmüş şəkildə qururuq. Əsas odur ki, biz nəticə qazaq. Bizim də istəyimiz divizionda çıxış etmək, daha da inkişaf etməkdi.

- Ölkə çempionatındakı mübarizə haqda fikrin necədi? Daha çox “Zirə” və “Qəbələ” yüksək yerlər uğrunda mübarozə aparır...
- Bəli, “Zirə” və “Qəbələ”ni qeyd etmək olar. Xüsusilə də bu mövsüm “Qəbələ” hər kəsi təəccübləndirib. Onlar həqiqətən də indi yaxşı səviyyədədi. Fasiləyə qədər uğurlu çıxış etdilər, yaxşı xallar qazandılar. İndi də ölkə çempionatında 2-ci pillədədilər. “Zirə”nin də maliyyə durumu yaxşı olduğuna görə, onlar da iddialılar yerlər uğrunda mübarizə aparırlar.

- Səncə, sabiq komandan “Neftçi” “Qarabağ”la çempionluü mübarizəsində 11 xallıq fərqi aradan qaldırıb çempion ola biləcək?
11 xallıq fərqi aradan qaldırmaq real görünməsə də, futboldur da, hər şey mümkündü. Yenə də “Neftçi”nin özündən asılı olan məsələdi. İnam nəticəsində istənilən hadisə baş verə bilər.

Xəbər xətti