"Şamaxı" turnir cədvəlinin yuxarı pillələrində yer almasa da, arxada qalan mövsümdə bütün rəqiblər bu komanda ilə oyuna narahatlıqla çıxıb. "Sabah", "Qarabağ" kimi güclü komandalar da "Şamaxı" ilə oyunlarda xal itiriblər, sıxıntılar yaşayıblar.
Ayxan Abbasov bu bölgədə kiçik imkanlarla döyüşkən, intizamlı, taktiki baxımdan savadlı oyun ortaya qoyan kollektiv formalaşdırmışdı. "Şamaxı"nın əsas silahı standart vəziyyətlər idi. Ayxan Abbasovun komandası mövsüm ərzində 31 qolun 15-ni məhz standart vəziyyətdən vurub.
"Şamaxı" bu göstəriciylə Premyer Liqanın lideri olub. Heç bir komanda qollarının 48 faizini bu yolla vura bilməyib. Bu elə bir oyub elementidir ki, həyata keçirmək çətindir, bunun üzərində davamlı çalışmaq lazım gəlir.
Ayxan Abbasovlu milli komandanın da bu cür vəziyyətlərdə uğurlu olmasını gözləyirik. Lakin söhbət yığmaya çatanda, bu məsələ bir az qəlizləşir. "Şamaxı"da qiyməti aşağı olan legionerlər çıxış etsə də, Ayxan Abbasov seçim edərkən, onların ikinci mərtəbədə necə oynamasını diqqətlə incələyir. Seleksiya işindəki titizliyi, seçim bacarığıyla adından söz etdirən Abbasov klub səviyyəsində fəlsəfəsinə uyğun futbolçuları tapıb gətirir.
Milli üzvləri arasında belələri azdır. Standart vəziyyətlər həmişə futbolumuzun bəlalı yeri olub. İndi də bunda axsaqlıq var. Futbolçular da klubdan fərqli olaraq, ilboyu Ayxan Abbasovun rəhbərliyi ilə davamlı məşq etmirlər ki, nəsə öyrətmək mümkün olsun. Hər halda çox olmasa da, bəlkə Ayxan bəy bu istiqamətdə 5-10 faiz inkişaf elətdirə bilər yığmanı.
Fikrət
saytlarin hazirlanmasi
