Aftandil Hacıyev: "Çempionatımızda onsuz da problemlər çoxdu"

17:31 - 19 Fevral 2022

"Səbail" Azərbaycan Premyer Liqasının 16-cı turu çərçivəsində səfərdə "Qəbələ"yə 0:2 hesabı ilə məğlub olub.

 

Sportal.az xəbər verir ki, qarşılaşmadan sonra keçirililən mətbuat konfransında paytaxt təmsilçisinin baş məşqçisi Aftandil Hacıyev jurnalistlərin suallarını cavablandırıb:

 

- Oyun haqda danışılası çox şey yoxdur. Maraqlı matç keçdi. İlk hissədə müəyyən boşluqlar verdik. Rəqibin heyətində hər an oyunu üzərinə götürə bilən oyunçular var. Fasiləyə kimi oyunun heç-hecə davam edəcəyini gözləmirdim. Fasilədən sonra futbolçularımın diqqəti daha da artdı. Bəzi futbolçuların istəksiz olmağı, sona kimi mübarizə aparmamağı məni təəccübləndirdi. Bu, bizi narahat edir. Səbəbin nə olduğunu bilmirəm. Oyuna gəldikdə yalnız ikinci hissənin ilk 20 dəqiqəsi məni razı sala bilər. Təbii ki, itkilərimiz də var. Onsuz da heyətimiz geniş deyil. Hər hansı futbolçu olmayanda oyunumuza təsir edir. Şimkus, Rayselin olmamağı oyunumuzu bir qədər geri salır. "Qəbələ"də oynamaq çətindir. Komandalar nadir hallarda buradan xalla ayrıla bilir. Çalışacağıq ki, hər oyunda xal aktivimizi artıraq. Bu gün alınmadı. "Qəbələ"ni təbrik etmək lazımdır. Həqiqətəndə layiqli qələbə qazandılar. 


- Premyer Liqada aşağı liqaya düşən olmayacaq. Bu futbolçularda arxayınlıq yarada bilər. Komandanın istəksiz olmağı bununla bağlı ola bilər?

- Doğru qeyd edirsiz. Əvvəlcədən bilinəndə motivasiyaya təsir edir. Amma sırf bu amillə bağlı olduğunu düşünmürəm. Müəyyən səbəblər var, araşdıracağıq. İdman prinsipləri baxımından çempionatın əvvəlindən sonuna kimi qaydaların eyni olması komandaların sonadək mübarizəni davam etdirməsinin səbəblərindən biridir.  Çempionatımızda onsuz da problemlər çoxdu. Onlardan biri də 8 komandanın olmasıdır. Növbəti mövsüm 10 komandanın olacağının elan olunmasının gec olduğunu düşünürəm. Bu gün qərarlaşdığımız mövqe bizi qane etmir. Amma bilirik ki, bütün rəqiblərin heyəti bizdən daha güclüdür. Aşağı liqaya düşməsək belə, sonuncu pillədə qalmaq heç birimizi razı salmır. 


- Mövsümün qalan hissəsində daha gənc futbolçulara şans verə bilərsiz?

- Fikrimiz elədir. Əvəzedici heyətdən əsas komandaya cəlb etdiyimiz oyunçular var. Bu gün də Elşad Tağıyevi meydana buraxdıq. U-19 komandasından heyətə cəlb etdiyimiz futbolçu var. Əlimizdə olanlardan istifadə etməyə çalışacağıq.

Xəbər xətti