"Musa Qurbanlı üçün Macarıstan, Yunanıstan, Polşa, Portuqaliya kimi ölkələrdən müraciət ediblər" - MÜSAHİBƏ

12:40 - 9 Fevral 2023

Tanınmış futbol meneceri Erkin İbrahimov Sportal.az saytına müsahibə verib. O, qış transfer pəncərəsi zamanı Azərbaycan klublarının fəaliyyətini dəyərləndirib:

 

- Klublarımızın qış transfer pəncərəsi zamanı fəaliyyətini necə dəyərləndirirsiniz? Hansı klublar daha yaxşı yararlandı, kimlər zəif göründü?

- Transfer pəncərəsindən ən yaxşı yararlanan klub "Sabah" oldu. Komandada hər şey yaxşı gedir, oyunu göz oxşayır. Belə olan halda dəyişikliklər etmək lazım deyil. Sadəcə olaraq bir neçə lazım olmayan futbolçulardan canlarını qurtardılar. Onların fəaliyyətini çox bəyənirəm. Transfer naminə transfer etmirlər. "Səbail" daha aktiv ola bilərdi. Bir oyunçu transfer etdilər. O da hələ ki, hətta yerli futbolçulardan da seçilmir. "Kəpəz" çətinliklərlə üzləşdi. Təzminat ödənilməli olan futbolçular var idi. Buna görə büdcədə pul olmadı. "Turan Tovuz"a gəlincə, Ayxan Abbasov harada işləyibsə, az büdcəyə yaxşı futbolçular gətirib. Denis Marandiçini "Turan Tovuz"a özüm məsləhət gördüm. Məncə, səviyyəsi göz önündədir. Albaniyalı hücumçu Pusi Belajdidən də çox xoşum gəldi. Hiss olunur ki, qeyri-adi futbolçudur və "Turan Tovuz" üçün yaxşı işlər görə biləcək. "Sumqayıt" ad olaraq yaxşı futbolçular gətirdi. Nə dərəcədə uğurlu olacaqları, Samir Abasovun onlardan necə komanda yarada biləcəyi hələ ki, sualdır. Ümumi olaraq transfer pəncərəsində hansısa klubun pozitiv mənada seçildiyini deməzdim. 

 

- Qış transfer pəncərəsindən sonra çempionatda komandaların iddiaları haqda nə deyə bilərsiz?

- Premyer Liqada ilk üçlük artıq demək olar ki, məlumdur. Xüsusilə də "Zirə" "Neftçi"yə məğlub olandan sonra. Avrokuboklara vəsiqə üçün bir yer qalır. O yeri kimin tutacağı sualdır. "Zirə", yoxsa "Neftçi"dən başqa kubokun yarımfinalına vəsiqə qazanan üç komandadan birimi? "Zirə" də transfer pəncərəsi zamanı kifayət qədər fəal olub. Komandanın çıxışında pozitiv məqamların olduğu hiss olunur. "Qəbələ"ni məğlub etməli idilər. Bir az bəxtsizliklə üzləşdilər. Əsas mübarizə çempionatı tərk etməmək uğrunda gedəcək. "Turan Tovuz" son qələbəsi ilə özünü bir az sığortaladı. "Sumqayıt", "Səbail" və "Kəpəz" arasında gərgin mübarizə olacaq. Çempion 99 faiz bəllidir. "Sabah" da "Neftçi"dən kifayət qədər aralanıb. Çətin ki, "ağ-qaralar" onlara çata bilsin. Transferlərin kimə yararlı olacağını deməkdə çətinlik çəkirəm. Bu barədə fikir bildirmək hələ ki, bir az tezdir. Sırf oyun keyfiyyəti baxımından hələ ki, "Səbail"in Premyer Liqanı tərk edəcəyini düşünürəm. Transfer bazarında da çox fəal olmadılar.

 

- Kadi Borges və Kvabena Ovusu "Qarabağ"dan getdilər. Onların gedişinin komandaya təsiri necə olacaq?

- Kadi bu mövsüm "Qarabağ"ın ən güclü futbolçusu idi. Amma gedəni saxlamazlar. Əgər komandada qalmaq istəmirsə və kluba çox yaxşı pul təklif edilibsə, niyə də olmasın? Yeni gələn futbolçular daha çox yay üçün alınıb. Kadi olsaydı, "Qarabağ" yüz faiz "Gent"i keçərdi deyə bilmərik. Məncə, Kadi Borgesin satılmağı düzgün qərar oldu. Ovusuya gəlincə, Musa Qurbanlıya özünü göstərmək üçün əlavə şans olacaq. Ramil Şeydayev də hücumda oynaya bilər. Ovusunun gedişinin "Qarabağ"a böyük təsiri olmayacaq.

 

- "Qarabağ" qapıçı transfer etmədi. Bu haqda nə deyə bilərsiz? "Gent"lə matçlara Amin Ramazanov və Luka Quqeşaşvili ilə getmək risklidir?

- "Qarabağ"da əsas itki Şahruddin Məhəmmədəliyevin zədələnməsi oldu. Qurban Qurbanovun son açıqlamaları ilə tanışam. Özüm də qapıçı məsələsində fəal oldum, çalışdım. Azərbaycana futbolçu gətirmək çətindir. Hətta daim avrokuboklarda çıxış edən "Qarabağ"a da. Legionerlər hər şeyi bilirlər. Bilirlər ki, Tovuzda meydança pisdir, bilirlər ki, günorta saat 1-də burada futbol oynanılır. Tək "Qarabağ"la deyil. Ağdam təmsilçisinin yeni gələn legionerləri Gəncədə gördüklərindən şoka düşüblər. Legionerlər hər şeyi bizdən yaxşı bilirlər. "Qarabağ" transfer naminə transfer etmək istəmədi. Antalya toplanışında gürdüm ki, Amin Ramazanov pis formada deyil. Düzdür, səhvləri də var, gənc qapıçıdır. Luka Quqeşaşvili də start heyətdə oynaya bilər. O, daha təcrübəlidir. Əlbəttə risklidir. Ancaq fors-major hal oldu. Əminəm ki, "Qarabağ" ön xəttdə çıxış edən futbolçuların transferini əvvəlcədən planlaşdırmışdı. Qurban Qurbanov da bunu etiraf etdi. Amma qapıçı Antalya toplanışının ortasında zədələndi. Belə vəziyyətdə klubu qınamaq olmur. Quqeşaşvili səviyyəsində qapıçılar çox idi. "Qarabağ"ın istədiyi qolkiperlər Azərbaycana gəlmək istəmədilər. Qapı xətti komanda üçün ən böyük narahatlıqdır.

 

- "Neftçi"də də gedənlər və gələnlər oldu. Yeni futbolçular Qodsvey Donyo və Yusuf Lavalın gedişini unutdura biləcək?

- Yeni hücumçu Mateus Saldanya yüz faiz Qodsvey Donyodan yaxşı olacaq. Amma Kilan Lebonun Yusuf Lavalın yerini hansı dərəcədə dolduracağı hələ ki, mənim üçün sualdır. Saldanyaya nisbətən Lebonun formada olmadığı hiss olunur. Braziliyalı hücumçu klubdan gəlir, Yaponiyada klubu ilə hazırlıq keçib. Bu baxımdan müqayisə etmək bir az çətindir. Saldanya "Sumqayıt"a qol vuracaq. Amma avrokuboklar üçün yararlı olduğunu sübut etmək üçün "Sabah" və "Qarabağ"la matçları gözləmək lazımdır.

 

- "Qarabağ"ın avrokubokda şansını necə dəyərləndirirsiz? "Gent"i keçmək mümkündür?

- "Gent"i keçmək əlbəttə ki, mümkündür. Hiss olunur ki, Belçika komandasında problemlər var. Baş məşqçi heyətdən çox narazıdır. İstənilən halda rəqib Belçikanı təmsil edir. Onların çempionatını bizim futbolla müqayisə etmək gülüncdür. Ancaq "Qarabağ" da bizi xoş sürprizlərlə təəccübləndirə biləcəyini sübut edib. Niyə də olmasın? Komanda yaxşı formadadır. Ən böyük problem qapı xətti ilə bağlıdır. "Gent" futbol ölkəsini təmsil edir. Bu baxımdan onlar hərtərəfli üstündür. Mən ən azından başabaş mübarizə gedəcəyinə inanıram.

 

- Musa Qurbanlıya da Polşa klubundan təklif var idi. Musa Avropada oynamağa hazırdır?

- "Qarabağ"ın bütün futbolçularına maraq var. Musa Qurbanlıya gəlincə, mənə Macarıstan, Yunanıstan, Polşa, Portuqaliya kimi ölkələrdən birbaşa klubda çalışan şəxslər müraciət ediblər. Ən konkret təklif şərqi Avropada öz ölkəsinin hegemon klublarından birindən idi. Sadəcə müqaviləni imzalamaq qalırdı. Klubun adını çəkmək istəmirəm. Çünki, futbolçunun özü də bunu bilmir. Yəqin atası da istəməz ki, bü cür xəbərlər çıxsın. Həmin klubun rəhbərliyi Musanı izləmək üçün Antalyaya getmişdi. Məncə, futbolçunun Avropaya getməyinin doğru məqamını, yetişib-yetişmədiyini Qurban Qurbanov özü daha yaxşı bilir. Söhbət təkcə futbolçu kimi yetişməkdən getmir. Elvin Cəfərquliyevə də çox böyük bir klubdan maraq var. 

 

- Ramil Şeydayevin yayda "Qarabağ"la müqaviləsi bitir, hələ ki, yeni sözləşmə imzalamayıb. Avropadan təklifləri olduğu deyilir. Ramilin qalması yaxşı olar, yoxsa Avropaya getməyi?

- Demək olar ki, elə bir ölkə yoxdur Ramil Şeydayevlə maraqlanan klub olmasın. Portuqaliyadan, Macarıstanın ən böyük klublarından birindən ("Ferentsvaroş" deyil) Ramilə təklif var. Yaxşı olardı ki, bu futbolçular xaricə getsinlər. Hansı çempionata, hansı kluba getməklərinə doğru qərar verməlidirlər. Çünki, hər futbolçunun öz çempionatı var. Elvin də, Musa da, Ramil də Avropaya getsələr, yaxşı olar. Gənc futbolçulardan kimin hansı məqamda getməli olduğunu Qurban Qurbanov daha yaxşı bilir.

 

Elçin Əlixan

Xəbər xətti