Zaur Axundov: "Zirə" üzərindəki qələbə mənim üçün də sürpriz oldu" - MÜSAHİBƏ

11:58 - 30 Aprel 2024

Azərbaycan Futzal Federasiyasının prezidenti Zaur Axundov Sportal.az saytına müsahibə verib.

"Zirə" üzərindəki qələbə mənim üçün də sürpriz oldu"

- "Zirə" ilə görüşdə qələbə qazana bildiniz. Qələbəni necə şərh edərdiniz?

- Mən də inanmırdın ki, komandamız qalib gələcək. Turnir cədvəli baxımından "Zirə"yə çox vacib xallar lazım idi. Futboldur, mənim üçün sürpriz oldu.

- Uzun müddət idi ki, qalib gəlmirdiniz deyə, inamsızlıq var idi?

Təbii ki, inamsızlıq var idi. Dekabrdan bu yana "Qəbələ" ilə heç-heçə oynayıb, “Neftçi”ni məğlub edə bilmişdik. Bilirsiz, gələn məşqçi bir gün gedir. Elmar Baxşıyevin öz dəst-xətti, taktikası var. 

- Bu qələbənizdən sonra avrokuboklar zonasında qarışılıq yarandı..

Çempionatımız maraqlı keçir. Son turlara qədər xalların eyni olması liqamız üçün yaxşıdır. Dörd tur qalıb. “Qarabağ”ı çıxmaq şərtilə, son tura qədər mübarizə gedəcək.

"Əvvəlki baş məşqçiyə həmişə deyirdim ki, futbolçularda boşluqlar olmasın"

- Mövsümə yaxşı başlayan “Araz-Naxçıvan” var idi, hətta avrokuboklar uğrunda mübarizə aparacağınız gözlənilirdi. Sonradan nə baş verdi ki, eniş yaşandı?

Komanda 9 günə yığılıb. Bütün hadisələrin içərisində olmuşam. Elə oyunçu olub ki, hava limanından gəlib otelə, sabah oyuna çıxıb. Heç oyunçuların adını bilməmişik. Yaxşı komanda yığıldı, alındı, oynadı. Sadəcə ehtiyat oyunçular skamyasını düzəldə bilmədik, vaxtımız da çatmadı. Zədələnən, yorulan futbolçular da olur. Futbolun qanunu var, ələlxüsus da Azərbaycanda, lider komandaları udduqdan sonra arxayınçılıq baş verdi. Bunu açıq danışaq, hamı gördü. 20 ildir futboldayam, mən də əvvəlki baş məşqçiyə həmişə deyirdim ki, futbolçularda boşluqlar olmasın. Uzun marafon var idi, boşluq vermək olmazdı. Baxın, "Turan Tovuz" hər oyun "Araz-Naxçıvan"ı məğlub edib, “Kəpəz” də udurdu. “Qarabağ”ı udub, daha sonra iki turda uduzurduq. Azər Bağırova bunu deyirdim. Təbii ki, hər şeyi baş məşqçinin üstünə atmaq olmaz. Bütün məşqçilər korpusundan danışıram. Onlarda da günah görürdüm ki, lazımı səviyyədə işləmədilər. İdman boşluğu, arxayınçılığı sevmir. 

- Azər Bağırovun işindən narazı idiz? Qalmasına israr etdiz?

Azər Bağırov cavan məşqçidir, komandanı yüksək liqaya gətirdi. Birinci dövrədə komanda yaxşı nəticələr göstərdi. Bizim liqa yavaş-yavaş sürət götürən liqadır. Çempionat başlayanda “Qarabağ” və “Neftçi” harada idi, indi haradadırlar. Bura Azərbaycan birinci liqası deyil də, yüksək liqadır.

"Mənim də xasiyyətimi bilirsiz də, intizam birinci yerdə olmalıdır"

- Düşünürsüz ki, sabiq baş məşqçiniz yüksək hədəflər üçün və yaxud çempionatın sonlarındakı təzyiq üçün çempionata hazır deyildi?

Təzyiq məsələsi də var. Kaş ki, birinci dövrəni zəif keçirib, ikinci dövrəni yaxşı alındırardıq. Azər Bağırovla “Keşlə”də də çalışmışıq. Onunla bağlı mənfi bir fikrim yoxdur. Sadəcə, bura Azərbaycan yüksək liqasıdır. Bu mövsüm də çempionatın daha yüksək səviyyədə keçməsini müşahidə edirik. Azər Bağırov cavandır, istəyərdim ki, yüksək liqa klublarına dəvət olunsun, daha çox təcrübə toplasın. Onun öz dəst-xətti var, amma bura yüksək liqadır. Mənim də xasiyyətimi bilirsiz də, intizam birinci yerdə olmalıdır.

- Naxçıvanlı azarkeşlər “Araz-Naxçıvan”ı nə vaxt görəcək?

Bildiyim qədərilə, stadionun təmiri ilə bağlı Naxçıvanda tender elan olunub. Ot örtüyü, işıqlandırma da bura aiddir. Hamımız istəyirik ki, naxçıvanlı azarkeşlər doğma komandasını Naxçıvanda görsünlər. Vaxt var, çalışıb işləmək olar. Yaxşı səviyyədə süni örtüklü meydança olacaq. VAR sistemi quraşdırılmalıdır. Digər xırda cari işləri çempionat gedə-gedə də yoluna qoymaq olar. Birinci Liqada “Araz-Naxçıvan” oynayanda, 8-10 min azarkeş gəlirdi. Azarkeş məsələsini də bilirsiz. “Qarabağ”ı “Sumqayıt” yox, azarkeşlər uddular. Uşaqlıqdan yadımdadır, 80-cı illərdə çox güclü komandalar Naxçıvana gələndə, 10 min azarkeş təzyiq yaradırdı. Bu da futbolçulara əlavə motivasiyadır. Mən də naxçıvanlı kimi, hamıdan çox istəyirəm ki, “Araz-Naxçıvan” Naxçıvanda oynasın.

- “Qəbələ”nin Premyer Liqanı tərk edəcəyi dəqiqləşdi. Sizcə, AFFA rəhbərliyi komanda sayını artıraraq onları da yüksək liqada saxlamalıdır?

Təbii ki, mən istəyərdim “Qəbələ” yüksək liqada qalsın. Amma bu tək mənim istəyimlə olmur. “Qəbələ”nin futbolu çox sevən və yatırım edən rəhbərliyi var. Onların gözəl akademiyası da var. Avrokuboklarda Azərbaycanı təmsil edib. Mən heç istəməzdim ki, “Qəbələ” birinci liqaya düşsün. Bu yaxınlarda İcraiyyə Komitəsinin iclası olmalıdır. Ümidvaram ki, müsbət qərar olar və “Qəbələ” Premyer Liqada qalar. Amma yenə də idman prinsipləri var, çempionat başlayanda hamı bilirdi ki, sonuncu yeri tutan komanda liqanı tərk edəcək.

- Elmar Baxşıyevlə 2 ay+ 2 illik müqavilə imzalamışdız. Nəyə əsasən onun komandada qalıb-qalmayacağı dəqiqləşəcək?

Oyuna və intizam məsələsinə görə. Mənim üçün intizam məsələsi birinci pillədədir. Boşluq olmamalıdır. İntizam məsələsi oyundan öncə də olur. Heç bir ay deyil ki, Elmar Baxşıyev komandadadır. Mənfi işlər çoxdur. Klubun daxili işidir, açıqlamaq olmaz. Klub rəhbəri olan qardaşım, mən və Elmar Baxşıyev görüşdükdə, oyundan daha çox intizam məsələsinin öndə olacağını demişik. Oyundan öncə də intizam olmalıdır, oyundan sonra da.

Mirbağırağa

Xəbər xətti