"Neftçi" ilə matçda üç xal da qazana bilərdik" - MÜSAHİBƏ

11:43 - 19 Mart 2023

"Kəpəz"in qolkiperi Mario Mustapiç Sportal.az saytına müsahibə verib.

- Premyer Liqanın 27-ci turunda "Neftçi" ilə qarşılaşdınız və bir xal qazanmağı bacardınız. Matç istədiyiniz kimi alındı?

- Çox maraqlı və yaxşı oyun alındı. İnanıram ki, azarkeşlər bu oyunu izləməklə həzz aldılar. Çünki dörd qol vuruldu, qol şansları var idi, meydanda yaxşı futbol, yaxşı hərəkətlər izlədilər.

- "Kəpəz"in yaxşı futbol nümayiş etdirdiyini və qol şanslarının bolluğunu nəzərə alsaq, bir xal üzücü olmadıki?

Əldə etdiyimiz xala layiq idik. Yaradılan qol şanslarına, oynadığımız oyuna baxsaq, düşünmək olar ki, bəlkə də üç xal da qazana bilərdik. Amma nəzərə alsaq ki, son dəqiqələrdə "Neftçi"nin vurduğu qol qeydə alınmadı, heç-heçəni ədalətli və real nəticə hesab etmək olar.

- "Neftçi"yə qarşı oynamaq çox çətin idi? 

Böyük səhnələrdə, yaxşı stadionlarda, yaxşı oyunçulara və böyük komandalara qarşı oynamaq həmişə xoşdur. "Neftçi"nin heyətində çox sayda yaxşı futbolçular var. Bunu da onsuzda bilirdik. Onlar hər mövqedə təhlükəli idilər. "Neftçi" futbolçuları da bizim kimi öz keyfiyyətlərini göstərdilər.

- "Kəpəz" son 5 qarşılaşmada cəmi bir dəfə məğlub olub. Fasilədən sonra da "Səbail"i qəbul edəcəksiniz. Demək olar ki, hər şey qaydasında düşüb?

Bizim üçün hazırda vacib olan "Səbail"lə ev görüşündə qələbə qazanmaqdır. Mövsümün ikinci yarısında yaxşı futbol nümayiş etdiririk. Bu cür oynamağa davam etməli və mümkün qədər çox xal toplamalıyıq. Çünki bizim qərarlaşdığımız mövqe ilə sonuncu pillə arasında cəmi 4 xallıq fərq var. Bu isə bizi daha çox çalışmağa məcbur edir. 

- Komandan hazırda 22 xalla 7-ci pillədədir. "Turan Tovuz" isə 28 xalla 6-cı pillədə qərarlaşıb. Onları qabaqlamaq mümkün olacaq?

Biz altıncı pilləyə yaxınlaşmağa çalışacağıq. Çünki üst pillələrdə olmağa layiqik. “Turan Tovuz”u qabaqlaya biləcəyimizə inanıram. Onlar bizdən altı xal öndədir. Bəzi oyunlarda bəxtimiz gətirsəydi, indi daha yuxarı pillələrdə ola bilərdik. Amma indi diqqətimizi apreldə keçirəcəyimiz oyunlara yönəltməliyik. Çünki onların çoxunu evdə, öz stadionumuzda, azarkeşlərimizin dəstəyi altında oynayacağıq. Hər şey ola bilər. 

Mirbağırağa

Xəbər xətti