"Neftçi"yə qarşı matçda uğurlu nəticə qazanmaq istəyirik" - MÜSAHİBƏ

13:20 - 7 Aprel 2023

"Sumqayıt"ın yarımmüdafiəçisi Murad Xaçayev Sportal.az saytına müsahibə verib.

- "Sumqayıt" ötən turda "Turan Tovuz"a qalib gələ bildi. 1:2 hesabı ilə məğlub durumda olsanız da, geridönüş etməyi bacardınız. Necə alındı bunu etmək?

- Bizim üçün bütün oyunlar vacibdir. İki dəfə böyükhesablı məğlubiyyətdən sonra qalib gəlmək istəyirdik. Həmin qələbə özümüzə gəlməyimiz üçün üç bizə çox kömək olacaqdı. Şadam ki, qalib gəlməyi bacardıq. Tovuzdakı görüş çətin keçsə də, üç xalı əldə edə bildik.

- Hazırda "Sumqayıt" 24 xalla 8-ci pillədədir. Birinci diviziona yuvarlanmaq təhlükəsi sizin üçün qalıb, yoxsa işin öhdəsindən gəldiyinizi düşünürsən?

- Qarşıda bir dövrə qalıb. Hər oyun bizim üçün finaldır. Ona görə də, bu oyunlardan maksimum nəticələrlə ayrılmalıyıq. Kollektiv olaraq fikrimiz ancaq budur. Yəni, buna fokuslanmışıq.

- Növbəti turdakı rəqibiniz "Neftçi"dir. Səncə, bu komandanı evdə məğlub etmək mümkün olacaq?

- "Neftçi" yaxşı komandadır. Bu komanda yüksək yerlər uğrunda mübarizə aparır. Amma onlara qarşı oyunlar həmişə maraqlı alınır. "Neftçi"yə qarşı yaxşı oynayaraq, evdə uğurlu nəticə qazanmaq istəyirik.

- Heç "Sumqayıt"ın mövsümün sonunda Premyer Liqada sonuncu olaraq diviziona düşdüyünü fikirləşmisən?

- "Sumqayıt"ın Premyer Liqada qalması üçün ən yaxşısını edəcəyik. Bizdən asılı olan hər şeyi yerinə yetirəcəyik. Buna da çox inanırıq. Əminik ki, yüksək liqadakı yerimizi qoruyacağıq.

- Bu mövsüm "Neftçi"yə qarşı keçirdiyiniz dörd oyunun heç birində qalib gəlməmisiniz. Sadəcə evdə bərabərə qalmısınız, digər iki görüşdə uduzmusuz. Həmin oyunları necə xatırlayırsan?

- Doğrudur, keçmiş matçlar belədir. Amma həmin oyunlar geridə qaldı. İndi yalnız onlara qarşı oynayacağınız növbəti matçı fikirləşirik. Keçmişdəki matçları xatırlamağa ehtiyac yoxdur. Bu dəfəki görüşdə üç xalı qazanmaq istəyirik.

Mirbağırağa

Xəbər xətti