"Bu cür hesablar bizə yaraşmır, belə uduzmamalıyıq"

14:41 - 10 Aprel 2023

"Sumqayıt"ın müdafiəçisi Elvin Bədəlov Sportal.az saytına müsahibə verib. 

- "Sumqayıt"ı hazırda sonuncu pillədən cəmi üç xal ayırır. Komanda üçün diviziona düşmək təhlükəsi hələ də davam edir. Sonuncu pilləyə yaxın olmağınız kollektivdə gərginlik yaradır?
- Öncə onu deyim ki, “Sumqayıt” birinci diviziona düşəcək komanda deyil. Düzdü, bu mövsüm diviziona düşmək təhlükəsi var. Ancaq inanıram ki, biz sonuncu yeri tutmayacağıq.  

- Son turda evdə "Neftçi"yə 0:4 uduzdunuz. Əslində, sanki hesab oyuna görə olmasa da, rəqib sizdən fərqli olaraq qol epizodlarından istifadə etdi. Səncə nəyə görə hesab bu qədər böyük oldu?
- Futboldan başı çıxan hər kəs oyuna baxsa, hesabın oyuna görə olmadığını deyərdi. Biz daha yaxşı oynadıq, faktdır. Sadəcə “Neftçi”nin hücum xətti bu oyundan qol epizodlarından maksimum yararlandı. Burada söhbət futbolçuların keyfiyyətindən gedir.

- Niyə "Neftçi"nin qarşısını ala bilmədiniz?

- Hesab oyuna görə deyildi. Matçı izləyən hər kəs bunu deyə bilər. Sadəcə “Neftçi” qol fürsətlərinin hamısından istifadə etdi. Nəticə də belə oldu.

- Komandanın bu mövsüm böyükhesablı məğlubiyyətləri az deyil. "Şamaxı"ya 2:4, "Sabah"a 0:6, 0:4, "Qarabağ"a 0:6, "Neftçi"yə 0:4 uduzmusuz. Sanki komanda uduzduğu bəzi görüşlərdə matçın müəyyən hissəsindən sonra oyundan qopur. Ona görə belə hesablar qeydə alınır?

- Bu cür hesablar bizə yaraşmır. Biz belə uduzmamalıyıq. Sadəcə bir və ya iki qol buraxanda atılırıq hücuma ki, nəsə edək, qol vuraq, geridönüş edək. Belədə, rəqib üçün boş zonalar yaranır. Bu da normaldır. Böyük komandalar bundan istifadə edir. Çalışmalıyıq ki, bunu aradan qaldıraq.

- Növbəti turdakı oyun yəqin ki, sizin üçün çox vacibdir. Hər halda birbaşa rəqiblərinizdən olan "Şamaxı" ilə qarşılaşacaqsız. Səncə, komanda bu oyundan xal və ya qələbə ilə ayrıla biləcək?

- Düzdü, bu oyun bizim üçün vacibdir. Biz səfər oyunu olsa belə, qələbə üçün gedəcəyik. İnanıram ki, biz “Neftçi”yə qarşı oynadığımız oyunu göstərə bilsək, Şamaxıdan üç xalla geri qayıdacağıq.

- Bu mövsüm "Şamaxı"ya cəmi bir dəfə qalib gəlmisiz, digər matçlar heç-heçə və məğlubiyyətlə başa çatıb. Bu komandaya qarşı oynamağın hansı çətinlikləri var?

- “Şamaxı” gənc və hərəkətli komandadır deyə, onlara qarşı oynamaq elə də asan deyil. Bütün komandalara onlara qarşı çətinlik çəkir. Amma elə period gəlib çatdı ki, biz əlimizdən gələni etməliyik ki, hər oyundan xalla götürək.

- "Sumqayıt" sonuncu pilləni tutaraq diviziona düşəcəyi təqdirdə, yəqin ki, daha bir komandanın fəaliyyətini başa vuracağını görəcəyik. Çünki Azərbaycanda diviziona düşən komandaların əksəriyyəti geri qayıtmayıb və fəaliyyətini sonlandırıb. Bu barədə fikrin necədi?

Mən heç bu barədə fikirləşmirəm. Komandada heç kim ondan danışmır. Çünki biz yeni mövsümdə də Premyer Liqada mübarizə aparacağımıza inanırıq. Qalan turlarda maksimum gücümüzü ortaya qoyub, işimizin öhdəsindən gəlməliyik.

Mirbağırağa

Xəbər xətti