"Qarabağ" tarixinin önəmli qollarından birinin müəllifi karyerasını başa vurdu

11:09 - 1 İyun 2023

"Qarabağ"ın sabiq futbolçusu Muarem Muarem aktiv futbolçu karyerasını başa vurub. Sportal.az xəbər verir ki, şimali makedoniyalı futbolçu bu qərarı "Qostivar"ı yüksək liqaya çıxardıqdan sonra verib.

Ötən mövsüm adıçəkilən komandada kapitanlıq sarğısı daşımış və komandanın elitaya vəsiqə qazanmasında önəmli rol oynamış Muarem 34 yaşında futbolçu karyerasını yekunlaşdırıb.

O, Şimali Makedoniya klubunda köməkçi məşqçi vəzifəsində çalışacaq. "Rabotniçki", "Teteks", "Orduspor", "Aktobe", "Eskişehirspor", "Flamurtari" klublarında oynamış Muarem 2012-2015 və 2016-2017-ci illərdə "Qarabağ"da çıxış edib.

Xatırladaq ki, Muarem "Qarabağ" tarixinin önəmli qollarından birinin müəllifidir. Belə ki, o, Ağdam klubunun 2014/2015 mövsümündə Avropa Liqasının qrup mərhələsinə vəsiqə uğrunda mübarizədə "Tvente"yə qarşı keçirilmiş pley-off mərhələnin cavab görüşündə bərabərlik qolunu vurmuşdu. Bakıda rəqibi ilə 0:0 bərabərə qalan "Qarabağ", səfərdəki 1:1 hesabına görə ilk dəfə avrokuboklarda qrup mərhələsinə vəsiqə qazanmışdı.

Mirbağırağa
 

Xəbər xətti