Yenilənmiş liqa sistemində təmsil olunan və kənarda qalan futbol rayonları - ARAŞDIRMA

17:09 - 17 İyun 2023

İcraiyyə Komitəsinin son iclasından sonra növbəti futbol mövsümü ilə bağlı bütün suallara aydınlıq gəldi. Əvvəlcədən də gözlənildiyi və açıqlandığı kimi növbəti mövsümdə Misli Premyer Liqasında və I Divizionda 10 komanda iştirak edəcək. Yeni yaradılmış II Divizionda isə 12 komanda olacaq. Ümumilikdə hər 3 liqada 32 klub olacaq ki, bu klublar da 23 şəhər və rayonu təmsil edəcək. Əhatə dairəsi baxımından növbəti futbol mövsümünü son illərin ən geniş və kütləvi futbol mövsümü adlandıra bilərik. Bəs növbəti futbol mövsümündə ayrı-ayrı zonalar neçə komanda ilə təmsil olunacaq? Hansı bölgənin komandası daha çox olacaq? Hansı futbol rayonları yenilənmiş liqa sistemindən kənarda qaldı?

2021-ci ildə Azərbaycan Respublikasının Prezident İlham Əliyev "Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında" fərman imzalayıb. Həmin fərmana əsasən, Azərbaycan iqtisadi rayonlaşması 14 iqtisadi rayondan ibarət olmuşdur. Bu iqtisadi rayonların növbəti futbol mövsümündə neçə komanda ilə təmsil olunduğuna ayrı-ayrılıqda nəzər salaq:

Bakı iqtisadi rayonu (9 klub): “Sabah” (PL), “Neftçi” (PL), “Zirə” (PL), “Səbail” (PL), “Qaradağ Lökbatan” (I), MOİK (I), “İrəvan” (I), “Şəfa” (II), “Sportinq Bakı” (II)

Bakı həmişə ölkə futbolunun əsas hərəkətverici qüvvəsi olub. Hətta son illərdə ölkə çempionatının yüksək liqasında region klublarının azlığına, Bakı klublarının isə sayının çox olmasından narazı olan bəzi azarkeşlər və mətbuat Premyer Liqanı istehza ilə Bakı Premyer Liqası da adlandırırdılar. Lakin həm son mövsümdə, həm də növbəti mövsümdə bu istiqamətdə balans nisbətən qorunub saxlandı.  Növbəti futbol ilində də Bakı ölkə futbol liqalarında ən çox klubla təmsil olunan bölgə olacaq. Paytaxt növbəti futbol mövsümündə Premyer Liqada son mövsümdə olduğu kimi 4 (“Sabah”, “Neftçi”, “Zirə” və “Səbail”) klubla təmsil olunacaq. I Divizionda isə Bakı təmsilçilərinin sayı 2-dən 3-ə qalxacaq. Belə ki, I Divizionun daimi iştirakçısı olan “Qaradağ Lökbatan” və MOİK-ə peşəkar futbola yeni qədəm qoyan “İrəvan” da qoşulacaq. Bundan əlavə, yeni yaradılmış II Divizionda paytaxtı təmsil edən “Şəfa” və “Sportinq Bakı” klubları da iştirak edəcək. Vaxtilə ölkə çempionatında iştirak etmiş, hətta ölkə kubokunu qazanaraq ölkəmizi avrokuboklarda təmsil etmiş “Şəfa” yenidən ölkə futbolunda “zühur edib”sə (düzü, bu klubun hüquqi baxımdan əvvəlki “Şəfa”nın varisi olub-olmaması tam bəlli deyil), “Sportinq Bakı” ölkə futbolu üçün yeni addır.

Bakı hər nə qədər ölkənin peşəkar futbolunda təmsil olunmaq baxımından korluq çəkməsə də, paytaxtı təmsil edən, vaxtilə ölkə futbolunda iz qoymuş bəzi klubların hazırda mövcud olmaması üzücü haldır. Yaxşı olardı ki, “Şəfa” ölkə futboluna qayıtdığı kimi Azərbaycanı avrokuboklarda təmsil etmiş Buzovna “Xəzri”si, Şüvəlan “Olimpik”i, ikiqat ölkə çempionu “Bakı”, ölkə kubokunun ilk qalibi “İnşaatçı” və s. kimi paytaxt təmsilçiləri də yenidən bərpa olunsun. Hər halda, sıfırdan klub yaratmaqdansa, bu cür tarixi olan, ölkə futboluna müəyyən töhfələri olmuş klubların bərpası daha məqbul sayılardı.          

Şəki-Zaqatala iqtisadi rayonu(4 klub): “Qəbələ” (PL), “Zaqatala” (I), “Marxal Şəki” (II), “Kürmük Qax” (II)

Təxminən 15-20 il əvvələ kimi hər hansı futbol ənənəsi olmayan Qəbələ artıq bir neçə ildir eyniadlı klubun timsalında iqtisadi rayonunun əsas futbol mərkəzinə çevrilib. Müstəqilliyin ilk illərindən “Daşqın” komandası ilə peşəkar futbolda təmsil olunan, “Simurq” klubu ilə hətta avrokuboklarda da iştirak etmiş Zaqatala rayonu bir neçə ildir olduğu kimi yenə rayonun eyniadlı komandası ilə I Divizionda təmsil olunacaq. Premyer Liqaya çıxması müzakirə mövzusu olsa da, İcraiyyə Komitəsinin son iclasından sonra bu qayıdış ən azı 1 illik təxirə salındı. Bu zonanın əsas futbol mərkəzlərindən biri də Qaxdır. Qax uzun fasilədən sonra yenə “Kürmük”ün timsalında ölkənin peşəkar futbolunda (II Divizion) təmsil olunacaq. Vaxtilə arabir ölkə futbolunda görünüb sonra qeybə çəkilmiş Şəki də uzun fasilədən sonra ölkə futbolunda təmsil olunacaq. Ölkənin ən tarixi və böyük rayonlarından birini “Marxal” təmsil edəcək. İqtisadi rayon növbəti futbol mövsümündə liqalarda 4 komanda ilə təmsil olunacaq ki, bu da kifayət qədər yaxşı göstəricidir.   

Mərkəzi Aran iqtisadi rayonu (3 klub): “Mingəçevir” (I), “Karvan” (Yevlax, I), “Ağdaş” (II)

Ölkənin ərazicə ən böyük iqtisadi rayonu olan Mərkəzi Aran növbəti futbol mövsümündə 3 komanda ilə təmsil olunacaq. Bölgənin ən böyük şəhəri olan Mingəçevir ötən mövsümdən eyniadlı komanda ilə I Divizionda iştirak edirdisə, növbəti mövsümdən bu kluba iqtisadi rayonun daha 2 təmsilçisi – Yevlax “Karvan”ı və “Ağdaş” da qoşulacaq. Vaxtilə ölkə çempionatında medallar qazanmış, UEFA kubokunda mərhələ adlamış ilk Azərbaycan klubu olan “Karvan”ı yenidən ölkə futbolunda görmək çox sevindiricidir. Yevlax təmsilçisinin peşəkar futbola dönüşü I Divizionda olacaq. Futbola kifayət qədər marağın olduğu Region Liqası matçlarına gələn azarkeş sayından görünən Ağdaşın eyniadlı təmsilçisi isə II Divizionda mübarizə aparacaq.

Mil-Muğan iqtisadi rayonu (3 klub): “İmişli” (I), “Araz Saatlı” (I), “Kür-Araz” (II)

Mil-Muğan iqtisadi rayonu növbəti futbol mövsümündə 3 komanda ilə təmsil olunacaq. Ötən il də I Divizionda mübarizə aparmış “İmişli”yə növbəti mövsümdən Saatlının “Araz Saatlı” komandası da qoşulacaq. II Divizionda isə bölgə “Kür-Araz” komandası ilə təmsil olunacaq. İmişlinin həm I, həm də II Divizionda komanda ilə təmsil olunması maraqlı təcrübə olacaq. Nəzərə alaq ki, Bakını çıxmaq şərti ilə digər rayon və şəhərlərdən heç biri liqalarda 1-dən artıq komanda ilə təmsil olunmur.   

Gəncə-Daşkəsən iqtisadi rayonu (2 klub): “Kəpəz” (Gəncə, PL), “Göygöl” (II)

Bu regionun əsas futbol mərkəzi heç şübhəsiz, Gəncədir. Ölkənin ikinci ən böyük şəhəri ötən mövsüm olduğu kimi Premyer Liqada “Kəpəz”lə təmsil olunacaq.  Bölgənin digər bir təmsilçisi “Göygöl” isə peşəkar futbolda ilk addımlarını yeni yaradılmış II Divizionda atacaq.   

Qarabağ iqtisadi rayonu (2 klub): “Qarabağ” (Ağdam, PL), “Füzuli” (II)

Qarabağ iqtisadi rayonu yeni mövsümdə müstəqilliyin ilk illlərindən bəri dəyişməz təmsilçisi, Ağdam “Qarabağ”ı ilə yanaşı daha bir komanda ilə təmsil olunacaq. Son bir neçə mövsümdə Region Liqasında iştirak etmiş Füzulinin eyniadlı təmsilçisi II Divizionda mübarizə aparacaq. Bölgənin müəyyən futbol ənənəsinə malik rayonu olan Bərdə isə növbəti mövsümdə də heç bir liqada təmsil olunmayacaq.

2020-ci ildə azad eilməsinə rəğmən, Ağdam şəhərinin uzun illər davam edən işğalı və erməni vandalizminin nəticəsi olan böyük dağıntılar səbəbindən “Qarabağ”ın hələ də öz doğma şəhərində oynaya bilməməsi hər kəsə bəllidir. Əsas sual doğuran məsələlərdən biri peşəkar futbolda ilk addımlarını atacaq “Füzuli”nin ev oyunlarını uzun illər rayonun işğaldan azad edilmiş hissəsinin mərkəzi funksiyasını daşımış Horadizdə yoxsa başqa rayon və ya şəhərdə keçirəcəyidir.

Qazax-Tovuz iqtisadi rayonu (2 klub): “Turan Tovuz” (PL), “Şəmkir” (II)

Ölkənin ənənəsi olan futbol mərkəzlərindən hesab olunan bölgə növbəti mövsümdə keçən mövsüm olduğu kimi Premyer Liqada “Turan Tovuz”la təmsil olunacaq. Sevindirici məqam “Şəmkir”in uzun fasilədən sonra Azərbaycan futbol ailəsinə qayıtmasıdır. Şəmkirin eyniadlı təmsilçisi növbəti futbol mövsümündə II Divizionda çıxış edəcək. Bu “Şəmkir”in vaxtilə iki dəfə çempion olmuş, Azərbaycanın UEFA Çempionlar Liqasında mərhələ adlayan ilk klub olan adaşının varisi, yoxsa yeni yaranmış klub olması barədə məlumat olmasa da, istənilən halda Şəmkir kimi futbol bölgəsinin Azərbaycan futbol ailəsinə qayıtması xoş xəbərdir.

İqtisadi rayonunun “Göyəzən”in timsalında futbol ənənələri ilə seçilən, lakin təəssüf ki uzun illərdi peşəkar futboldan kənarda qalan Qazax rayonu isə yenə heç bir peşəkar liqada təmsil olunmayacaq.     

Dağlıq Şirvan iqtisadi rayonu (2 klub): “Şamaxı” (I), “Difai Ağsu” (I)

Dağlıq Şirvan iqtisadi rayonunun növbəti futbol mövsümündə 2 komandası olacaq. Ötən mövsümdə Premyer Liqada çıxış etmiş “Şamaxı” mövsümü son pillədə başa vurduğundan, növbəti futbol ilində I Divizionda çıxış etməli olacaq. Bu komanda ilə yanaşı, Ağsunun yeni yaranmış “Difai” klubu da I Divizionda çıxış edəcək.  

Abşeron-Xızı iqtisadi rayonu (1 klub): “Sumqayıt” (PL)

Abşeron və Xızı rayonlarının, həmçinin Sumqayıt şəhərinin daxil olduğu iqtisadi rayonun peşəkar futbolda yeganə təmsilçisi “Sumqayıt” komandasıdır. Artıq bir neçə ildir Premyer Liqada çıxış edən “gənclik şəhəri” təmsilçisi son mövsümdə yüksək liqada yerini son turlarda təmin etdi. Bu iqtisadi rayonda elə futbol ənənəsi olan şəhər də məhz Sumqayıtdır. İqtisadi rayona daxil olan digər inzibati rayonlar – Abşeron və Xızının peşəkar futbolda hər hansı ciddi ənənəsi olmayıb. Yalnız Abşeronun eyniadlı klubu bir neçə il öncə I Divizionda çıxış etsə və hətta çempion olsa da, bir çox divizion çempionları kimi “lisenziya əngəli”nə ilişdi və daha sonra tarixin yaddaşına qovuşdu.    

Naxçıvan iqtisadi rayonu (1 klub): “Araz Naxçıvan” (PL)

Naxçıvan Muxtar Respublikasının futbolda əsas təmsilçisi həmişə “Araz Naxçıvan” olub. 1967-ci ildə əsası qoyulan və SSRİ çempionatının aşağı liqalarında ölkəmizi təmsil etmiş “ağ-qırmızılar” ötən mövsümdə I Divizionda çempion olaraq yüksək liqaya vəsiqə qazandı. MR-nın bir neçə illik fasilədən sonra Premyer Liqada təmsil olunması çempionatın arealını bir az daha genişləndirərək, kütləviliyin artmasına səbəb olacaq. Ümid edirik ki, “Araz Naxçıvan” bir neçə il öncəki ilə müqayisədə Premyer Liqaya daha ciddi yanaşacaq (2014/15 mövsümündə “Araz Naxçıvan” çempionatın ilk dövrəsi bitməmiş liqada çıxışını dayandırmışdı) və çempionata əlavə rəng qatacaq. Ən azından, 460 mindən çox əhalisi olan Muxtar Respublika böyük futbolda klubla təmsil olunmağa layiqdir.  

Lənkəran-Astara iqtisadi rayonu (1 klub): “Lerik” (II)

Lənkəran-Astara iqtisadi zonasının futbolu barədə söhbət düşəndə ağıllara ilk olaraq Lənkəran və Masallı rayonları gəlir. Təbii ki, uzun müddət “Viləş” (Masallı) və “Xəzər Lənkəran”ın timsalında ölkə futbolunda təmsil olunmuş bu rayonlarsız bölgə futbolunu təsəvvür etmək mümkün deyil. Lakin təəssüf ki, artıq uzun müddətdir nə bu iki klub, nə də təmsil etdikləri rayonlar ölkə futbolunda təmsil olunmurlar. Adını çəkdiyimiz rayonlar qədər olmasa da, Cəlilabad rayonu da (“Ümid” klubu ilə) vaxtilə peşəkar futbolda mövcud olub. Bundan əlavə Astara rayonu da müxtəlif liqalarda komanda ilə təmsil olunub. Lakin maraqlıdır ki, növbəti futbol mövsümündə bu adıçəkilən rayonlar yox, futbol ənənəsi ilə seçilməyən Lerik komanda ilə təmsil olunacaq. Rayonun eyniadılı təmsilçisi növbəti mövsümdə Lənkəran-Astara iqtisadi rayonunun peşəkar futbolda yeganə təmsilçisi olacaq. İstənilən halda, bu bölgənin yenidən ölkə futboluna qayıtmasını müsbət addım saymaq olar. 

Quba-Xaçmaz iqtisadi rayonu (1 klub): “Qusar” (II)

Quba-Xaçmaz iqtisadi rayonunun əsas futbol mərkəzi hesab olunan Qusar da növbəti mövsümdən II Divizionda regionun ölkə futbolunda yeganə təmsilçisi olacaq. Lakin bu təmsilçi böyük ənənələrə malik “Şahdağ” yox, yeni yaradılmış və Region Liqasının son qalibi olan “Qusar” komandası olacaq.     

Şərqi Zəngəzur iqtisadi rayonu: (1 klub) “Cəbrayıl” (II)

Uzun illər işğal altında qalmış, 2020-ci ildə Vətən müharibəsindən sonra ordumuz tərəfindən azad edilmiş iqtisadi rayonun növbəti futbol ilində yeganə təmsilçisi “Cəbrayıl” olacaq. Ötən il Region liqasının qalibi olmuş komanda peşəkar futbolda ilk addımlarını II Divizionda atacaq. 

Şirvan-Salyan iqtisadi rayonu: (0 klub)

Bu iqtisadi rayon nə Premyer Liqada, nə I Divizionda nə də yeni yaradılmış II Divizionda komanda ilə təmsil olunmayacaq. Biləsuvar, Hacıqabul, Neftçala, Salyan rayonları və Şirvan şəhərlərindən heç birinə hətta II Divizionda da yer tapılmadı. İqtisadi rayon Azərbaycanın peşəkar futbolundan tamamilə kənarda qalsa da, bu zonanı müəyyən qədər futbol ənənəsinə malik bölgələrdən hesab edə bilərik. Belə ki, yaxın keçmişdə iqtisadi rayondan I Divizionda iki dəfə ardıcıl çempion olan, ancaq lisenziya ala bilmədiyinə görə Premyer Liqadan kənarda qalan Neftçalanın eyniadlı klubu və vaxtilə yüksək liqada çıxış etmiş Salyan “Muğan”ı peşəkar futbolda təmsil olunub.

Mirbağırağa Cəfərli 

P.S Yuxarıda qeyd olunanlar sadəcə, statistik məlumatlardır. Yeni yaradılan komandaların və liqanın peşəkarlıq baxımından hansı səviyyədə olacağını növbəti mövsümdə və ya qarşıdakı illərdə görəcəyik. İstənilən halda, peşəkar liqanın (ilk illərdə bu terminə tam uyğun gəlməsə belə) yaradılmasını, Azərbaycan futbolunun daha geniş arealı əhatə etməsini ancaq müsbət dəyərləndirmək olar.           

Uşaq və gənclərin fiziki və mənəvi inkişafında idmanın rolu - YAZI XXIII

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə yazılıb. 

Xəbər xətti