"Kəpəz"in baş məşqçisi: "Yeni transferlərin yolunu gözləyirik"

20:55 - 12 İyul 2023

"Kəpəz"in baş məşqçisi Azər Məmmədov klubun mətbuat xidmətinə açıqlama verib.

Sportal.az xəbər verir ki, 47 yaşlı mütəxəssis Gəncə təmsilçisinin yeni mövsümə hazırlığını dəyərləndirib:

"Məşqlərimiz plan üzrə gedir. Toplanışa Gəncədə başladıq. Daha sonra "Səbail"lə 30 dəqiqə olmaqla 3 hissədən ibarət yoxlama matçı keçirdik. Komandamız hələ 45 dəqiqə oynamaq gücündə deyil. İki günlük istirahətdən sonra məşqlərə davam edirik. Gündə iki dəfə olmaqla məşq edirik. Ayın 14-ü "Zirə" ilə hazırlıq oyunu keçirəcəyik. Ayın 28-dən Bakıda təlim-məşq toplanışı keçəcəyik. 

Bütün futbolçular öz üzərlərində çalışırlar. Əvəzedici heyətdən də oyunçular götürmüşük. Təəssüf ki, ilk günlərdə tam heyətlə məşq edə bilmədik. Bəzi legionerlər viza ilə bağlı komandaya gec qoşuldu. Artıq yavaş-yavaş hamısı bizə qoşulur. Təəssüfləndirici daha bir məqam Abdullahi Şuaybunun ötən mövsümdə aldığı zədənin  hələ də sağalmamasıdır. O, hazırda müalicə alır. Bir neçə yeni transferlər var ki, onların yolunu gözləyirik. Bakıdakı təlim-məşq toplanışında tam heyətlə çalışa biləcəyik".

Xəbər xətti