Aleksey İsayev üçün Bəhlul Mustafazadə nümunəsi - Qurban Qurbanovun sistemi 

11:20 - 8 Yanvar 2024

"Sabah"ın Aleksey İsayevi "Qarabağ"a satması gözlənilməz oldu. Çünki İsayev komandanın aparıcı futbolçusu, lideri, Murad Musayevin əsas silahı idi. Premyer Liqada işləri qaydasında getməyən "Sabah"ın Aleksey olmadan bu durumdan çıxması çətin görünür. 

Amma İsayev getdi, saxlaya bilmədilər. Deyilənə görə, "Sabah"ın baş məşqçisi Murad Musayev futbolçunu buraxmaq istəməyib. Lakin İsayev rusiyalı mütəxəssislə şəxsən danışıb və getmək istədiyini deyib. Futbolçunun məşqçiyə hansı arqumentlər gətirdiyini, getməli olduğunu necə əsaslandırdığını bilmirik. Bildiyimiz odur ki, həmin söhbətdən sonra Murad Musayev Aleksey İsayevlə sağollaşmağın ən doğru qərar olduğu qənaətinə gəlib. 

"Qarabağ"da olmaq, Qurban Qurbanovun sistemində oynamaq Aleksey İsayevin futbolçu kimi yeni səviyyəyə qalxmaq şansıdır. Bunun ən bariz nümunəsi Bəhlul Mustafazadədir. Yeni gəldiyi vaxtlarda o qədər də inamlı təsir bağışlamayan, daha çox dağıdıcılığı ilə diqqət çəkən Bəhlul bu müddətdə böyük sıçrayışa nail oldu. 2023-cü ilin ən yaxşı oyunçusu seçilməsi də məhz bu inkişafın göstəricisidir. 

Aleksey İsayev sözsüz ki, yaxşı futbolçudur, maraqlı oyunçudur. Yaradıcı oyunu ilə yanaşı, xüsusən, pressinq zamanı sərgilədiyi işgüzarlıq, oyun ərzində daim hərəkətli olması İsayevin üstün keyfiyyətləridir. O, bu mövsüm Premyer Liqada yerli oyunçu baxımından zaman-zaman sıxıntı keçirən "Qarabağ"da bu yöndən də xeyirli olacaq. Lakin İsayevin potensialı avrokubok matçları üçün də yetərlidir. Məsələn, "Qarabağ"ı Avroliqada "Braqa" ilə gözləyən matçlarda da Alekseyin komandaya çox xeyri dəyə bilər. Dinamik futbol sərgiləyən "Braqa"ya qarşı astagəl Benziadansa, orta sahədə Romao-Yankoviç-İsayev üçlüyü daha effektiv olar. Həm də aktiv pressinq edən Juninyonun arxasında bu oyun elementini əla yerinə yetirən İsayevin olması "Qarabağ" üçün əlavə üstünlük sayılacaq. Təbii ki, həmin oyun ərəfəsində hansı oyunçunun daha yaxşı formada olması, rəqibə uyğun sistemin və taktikanın seçilməsi və s. nüanslar vacib rol oynayacaq. Biz təxminlər üzərindən danışırıq, amma bir şey faktdır ki, Aleksey İsayev səviyyəli futbolçudur və "Qarabağ"a fayda verə bilər. 

İsayevlə bağlı yeganə düşündürücü məqam onun xarakteridir. Bəzən deyingənliyi ilə ətrafdakıları yoran Aleksey zaman-zaman hətta dözülməz olur. Amma onu da bilirik ki, belələri "Qarabağ"da çox qalmır. Dəmir intizam yaradan Qurban Qurbanov ərköyünlüyə göz yummur və bu məsələdə prinsipial mövqe nümayiş etdirir. Əlbəttə, bunu bizim kimi Aleksey də yaxşı bilir. Bunu bilə-bilə "Qarabağ"a gəlibsə, deməli, davranışına nəzarət edəcəyini gözə alıb qərar verib. Belədə, qalır başını aşağı salıb futbol oynamağı. Qalanı Qurban Qurbanovun sistemində düzələcək.

Həmid

Xəbər xətti