Samir Abasov: "Bir səhv matçın müqəddəratını həll edə bilərdi"

19:34 - 13 Fevral 2024

"Sumqayt" Azərbaycan Premyer Liqasının 22-ci turunda səfərdə "Zirə" ilə 0:0 hesablı heç-heçə edib.

Sportal.az xəbər verir ki, "kimyaçılar"ın baş məşqçisi Samir Abasov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Öz komandamı təbrik edirəm. Hər iki komandaya təşəkkür edirəm ki, oyunun sonuna kimi bizi gərginlikdə saxladılar. İndiyə kimi bu qədər sıx, mücadilə dolu oyuna rast gəlinməyib. Bir səhv matçın müqəddəratını həll edə bilərdi. İnanmıram ki, qol buraxsaydıq geridönüş edə bilərdik və ya qol vursaydıq qələbəni əldən verərdik. Əsas məqsədimiz səhv etməmək idi. Hər iki komanda eyni oynadı. Bu gün məqsəd uduzmamaq idi. Bunun da öhdəsindən gəldik. Yorğunluğa baxmayaraq futbolçular var güclərini qoymuşdular. Bizim kimi komanda üçün səfərdə "Zirə"dən 1 xal almaq pis nəticə deyil.

- Qaçırılan iki penalti və qeydə alınmayan qolunuz var. Bunları necə şərh edərdiniz?

- Penaltilərin qaçırılması həyəcandandır. Deyərdim ki, bərbad penalti idi. Sayılmayan qola gəldikdə isə yəqin ki, ofsayd var idi. Bunu müzakirə etmirəm. Penalti epizodları zamanı da etiraz olmadı. Referinin düzgün qərar verdiyinə inanıram. Bu gün qol buraxsaydıq, çox çətin olardı. Komandama təşəkkür edirəm. 

- Komandada yorğunluq yox idi?

- Bəzi oyunçularda ola bilər. Məni sevindirən odur ki, yorğunluğun fonunda futbolçular yaxşı oynadılar və çox əvəzetmə etmədik. Sadəcə meydançanın ideal olmaması iki komandaya da maneə törətdi.

Elçin Əlixan

Xəbər xətti