Adil Şükürov: "Arxayınlıqdan ümumiyyətlə söhbət gedə bilməz"

18:36 - 17 Fevral 2024

"Kəpəz" Azərbaycan Premyer Liqasının 23-cü turunda səfərdə "Sabah"a 2:3 hesabı ilə məğlub olub.

Sportal.az xəbər verir ki, Gəncə təmsilçisinin baş məşqçisi Adil Şükürov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Planlaşdırdığımız kimi oyuna aqressiv başladıq. İlk dəqiqələrdə qolumuzu vurduq. Bəzi səhvlərimizdən sonra "Sabah" üstünlüyü ələ keçirdi. Çalışırdıq ki, dönüş edək. Bizi qarşıda daha vacib oyunlar gözləyir. Həmin matçlarda düzgün qərarlar verib lazım olan nəticələri qazanmağa çalışacağıq.

- Vüsal Məsimovu ehtiyatda saxlamağınızın səbəbi nə idi?

- Onun son oyunlarda buraxdığı səhvlər idi. Oyun olaraq heç bir futbolçudan narazılığımız yoxdur.

- Bir çox oyunda hesabı açsaz da, sonradan qollar buraxırsız. Bunun səbəbi nədir?

- Qol vurandan sonra komanda çox sadə səhvlər etməyə başlayır. Səhvlərdən sonra rəqiblər üstünlüyü ələ alır. Bunun üzərində daha çox çalışmalıyıq. Görüləsi işlər çoxdur.

- Amil Yunanov ikinci hissədə qol vurandan sonra sanki yorulmuşdu. Onu niyə əvəz etmədiniz?

- Əvəz etmək olardı. Bəzən futbolçuların təcrübəsi daha önə keçir. Papunaşvilini də sona qədər meydanda saxladıq. Bu futbolçuların verəcəyi düzgün qərarları gözləyərək addımlar atırıq.

- "Qəbələ" ilə xal fərqi 5-ə yüksələndən sonra komandada arxayınlıq hiss olunur. Siz necə düşünürsünüz?

- Komanda aqressivliyini saxlaya bilir, qol vura bilir. Bizə vacib olan qol vurmaqdır. Arxayınlıqdan ümumiyyətlə söhbət gedə bilməz. Çünki, o durumda deyilik.

- "İkinci mərtəbədə" rəqib "Kəpəz"i üstələyirdi. Bu barədə nə deyə bilərsiniz?

- Fiziki parametrlərdən çox şey asılıdır. Bizimlə "Sabah"ı müqayisə etmək Azərbaycanla Skandinaviya futbolunun fərqinə oxşayır.

Elçin Əlixan

Xəbər xətti