"Kəpəz"in legioneri: "Adil Şükürovun gəlişindən sonra komandada irəliləyiş var"

13:18 - 28 Fevral 2024

Futbolu azarkeşlərə sevdirən mübağiləsiz ki, bu idmanı növü ilə peşəkar səviyyədə məşğul olanlardır. Ayrı-ayrı futbolçuların oyunu tamaşaçılarda futbola sevgi yaradır. Göstərdikləri oyuna görə onlar publikanın sevimlisinə çevrilirlər. “Kəpəz”in heyətində də belələri az deyil. Onlardan biri Junior Martinsdir. Bütün braziliyalılar kimi onun da uzun adı və soyadı var. Tam təqdimatı belədir: Alessandro Pineyro Martins Junior. Yarımmüdafiəçi mövqeyində çıxış edən Junior iki ilə yaxın müddətdir ki, Gəncə təmsilçisinin heyətində top qovur. Martinsi "sarı-göylər" üçün əvəzedilməz oyunçu hesab etmək olar. Əsas heyətin daimi üzvü olan "sambaçı" zədə və ya cəzalı durumda olduğu halda meydandan kənarda qala bilər. Özünəxas oyunu ilə fərqlənən braziliyalı əvvəlki illərdə "Kəpəz"də çıxış etmiş həmyerlisi Dario Frederiko kimi gəncəli azarkeşlərin sevimlisinə çevrilməyə çalışır.

Sportal.az xəbər verir ki, braziliyalı futbolçu klubun rəsmi saytına verdiyi açıqlamada Azərbaycan mətbəxini sevdiyini bildirib:

“Gəncəlilər mənim üçün istiqanlı insanlardılar. Bunu özümə qarşı münasibətdən deyə bilərəm. Diqqət göstərirlər, hörmət edirlər. Oyunumla onların etimadını qazanmağa çalışıram. Hələ ki, pis alınmır. Burada günlərim yaxşı keçir. Ara-sıra ailəm də Gəncəyə baş çəkir. Bir müddət öncə vətənə döndülər. Azərbaycan mətbəxini sevirəm. Sadəcə, təamların adlarını yadda saxlamaq mənim üçün çətindir. Kabablarınız olduqca dadlıdır. Adam yedikcə doymur”.

Karnavalları və müxtəlif bayramlarını nəzərə alsaq, braziliyalıların əylənməyi sevdiyini söyləyə bilərik. Martins deyir ki, sakit Gəncə həyatına baxmayaraq darıxmır. Əylənmək üçün tətillərdə vətəninə yollanır. 24 yaşlı futbolçu hazırda isə bütün diqqətini futbola yönəldib. Junior komandaya yeni baş məşqçinin gəlişi ilə çıxışlarında fərqin yarandığını bildirib:

“Performansımız artıb. Xüsusilə də Adil Şükürovun gəlişindən sonra komandada irəliləyiş var. Qalib də gəlirik, uduzuruq da. Amma oyunumuzda günbəgün inkişaf müşahidə olunur. Komanda həm yaxşı oyun sərgiləməyə, həm də nəticə qazanmağa çalışır. Bu, futboldur, bəzən bəxtin gətirmir. Çempionatda qalmağa köklənmişik. Fanatlarımıza da minnətdarlığımı bildirmək istəyirəm. Həmişə bizimlədirlər, dəstək verirlər. Uduzanda da bizi tək qoymurlar. Matçlarımıza daha da çox azarkeşin gəlməsini istərdim”.

Futbolla bağlı bir maraqlı məqamı Martinslə müzakirə etməyə bilməzdik. Dünya çempionatları tarixində bir dəfə də olsun mundialın final mərhələsindən kənarda qalmayan Braziliya millisi indi qeyri-stabil çıxış edir. Təsnifat mərhələsində "sambaçı"ların vəziyyəti acınacaqlıdır. Pentakampeonlar seçmə mərhələdə 6-cı yerdədirlər. Reqlamentə əsasən, Cənubi Amerikadan 6 yığma final mərhələsinə birbaşa yüksələ bilər ki, braziliyalılar cəmi 2 xalla Paraqvay və Çili təmsilçilərini qabaqlayırlar. Qrupda 7-ci yeri tutan milli pley-off mərhələsindən mundiala qatıla bilər. Amma istənilən halda hazırkı vəziyyət futbol nəhəngi olan ölkə üçün arzu olunan hal deyil. Görəsən, Martins bu barədə nə düşünür?:

“Braziliya millisinin parlaq tarixi var. Bəzən ən güclü komanda belə uğur qazanmaqda çətinlik çəkir. Bir braziliyalı kimi, əlbəttə, mən də istərdim ki, komandamız mundialda çıxış etsin. Mundiala gedə bilməsək, bu, bizim üçün faciə olar. Futbol inkişaf edir. Zəif komanda anlayışı yoxdur. Braziliyanın qrupdakı rəqibləri də güclü yığmalardır. Onlar da qalib gəlmək istəyirlər”.

Xəbər xətti