Adil Şükürov: "Bəzi komandalar bizə öz stadionlarını vermədilər"

21:40 - 1 Mart 2024

"Kəpəz" Azərbaycan Premyer Liqasının 25-ci turunda səfərdə "Sumqayıt"ı 3:1 hesabı ilə məğlub edib.

Sportal.az xəbər verir ki, Gəncə təmsilçisinin baş məşqçisi Adil Şükorov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Tam istədiyimiz kimi gözəl, baxımlı futbol olmadı. Nəticə daha önəmli idi. Çalışdıq ki, nəticəyə yönəlik oyun oynayaq. Son dəqiqələrdə müdafiəyəmeyilli və sürətli futbolçuları meydana buraxdıq. Bu da öz bəhrəsini verdi. Bizim üçün vacib olan 3 xal idi, onu da qazandıq.

- Giorgi Papunaşvili əvəzlənərkən narazı görünürdü. Bu, nə ilə bağlı idi?

- İstəyirdik ki, meydanda komandaya fayda verən futbolçular olsun. Papunaşvili çox yorulmuşdu. Mate Kvirkiya da tam istədiyini edə bilmirdi. Papunaşvili əsas oyunçularımızdan biridir və komandanı öz arxasınca aparır. O dayananda komanda da dayanır. Narazılıq yoxdur.

- Artıq demək olar ki, Premyer Liqada qalmağı təmin etmisiz. Bundan sonrakı hədəfiniz nə olacaq?

- Həmişə deyirik ki, qabağa baxmaq və öndəki rəqiblərə köklənmək lazımdır. Bu gün qələbə qazandıq. Amma tam olaraq futbol oynamadıq. İlk üçlükdə olan rəqibə qarşı sırf müdafiədən oynadıq. Əsas məqsədimiz Premyer Liqada qalmaqdır. Qarşıda oyunlar çoxdur. Çox şeylər dəyişə bilər. Bizim ev oyunları ilə bağlı problemimiz var. Bunu həll etməliyik. Bəzi komandalar bizə öz stadionlarını vermədilər. Buna görə də davamlı olaraq səfərdə oynamalıyıq. Premyer Liqada qalmağı təmin etmək üçün hələ 4-5 oyunda da qalib gəlməliyik. Əsas hədəflərimizdən biri də gəncəli iş adamlarını komandaya cəlb etməkdir. "Kəpəz" Premyer Liqada qalsa, ümid edirik ki, iş adamları da Gəncənin komandasına sahib çıxarlar.

- Tovuzda, yoxsa Bakıda oynamağa üstünlük verəcəksiniz?

- Təbii otda məşq edib Tovuzda süni meydanda oynamaq çətindir. Belə olan halda futbolçuların zədələnmə ehtimalı da artır. Məsafə baxımından Tovuz bizim üçün əlverişlidir. Amma oyun baxımından təbii meydança olsa, daha yaxşıdır. "Neftçi"ni Tovuzda qəbul edəcəyik. Ondan sonrası qeyri-müəyyəndir. Rəhbərliklə danışırıq. Ümid edirik ki, təbii meydança tapılacaq. Bu da yalnız Bakıda var. Belə olduqda da biz əlavə vaxt itiririk. Bütün bunları nəzərə alıb addım atmalıyıq.

- Kaxaber Sxadadzenin "Qəbələ"yə baş məşqçi təyin olunmasının sizə necə təsiri olacaq?

- Biz məşqçinin getməyini heç vaxt istəmərik. Elmar müəllim yaxşı komanda qurmuşdu. Yəqin ki, bəzi nüanslara görə komanda uduzurdu. Sxadadzenin gəlişi bizim üçün narahatlıq deyil. Biz əsas öz nəticələrimizi fikirləşirik.

Elçin Əlixan

Xəbər xətti