"Kəpəz"in baş məşqçisi: "Şamaxı bizim üçün uzaq idi, qərara alındı ki, Tovuzda oynayaq"

13:17 - 21 Mart 2024

"Kəpəz" mövsümün qalan hissəsində ev oyunlarını Tovuz şəhər stadionunda keçirəcək.

Məsələ ilə bağlı Gəncə klubunun baş məşqçisi Adil Şükürov Sportal.az saytına açıqlama verib. 

O, bir neçə variantları olsa da, sonda oyunlarını Tovuzda keçirməyə üstünlük verdiklərini söyləyib:

"Kapital Bank Arena", "Azərsun Arena", "Şamaxı şəhər stadionu", bunlar hamısı ola bilərdi. Şamaxı bizim üçün daha uzaqdır. Ora Qəbələdən keçmək lazımdır. Yol isə bərbaddır. Ona görə də fikirləşdik ki, Şamaxıya getməyə dəyməz. Bizim üçün ən yaxın Tovuz şəhər stadionudur. İlqar Nadiri Ehtiram Quliyevlə danışdı, razılaşdılar. Qərara alındı ki, oyunlarımızı Tovuzda oynayaq. Düzdür, süni örtüklü meydançada zədələr yarana bilər. Amma ümid edirik ki, bunun qarşısını alacağıq.

Yeni mövsüm üçün oyunlarımızı harada keçirməyi planlaşdırmağımıza gəlincə, indidən yeni mövsümdə nələr olacağı haqda düşünmürük. Çünki biz indi bu mövsüm yüksək liqada qalmaq uğrunda mübarizə aparırıq. Premyer Liqadakı yerimizi təmin etsək, ondan sonra yeni sezonun planlarını cızmaq olar. Yüksək liqada qalaq, ondan sonra hamısını düşünəcəyik".

Mirbağırağa

Xəbər xətti