Krunoslav Renduliç: "Bəzən yaxşı oynasan da, qələbə qazana bilmirsən"

21:50 - 30 Mart 2024

"Sabah" Azərbaycan Premyer Liqasının 28-ci turunda doğma meydanda "Zirə"yə 0:1 hesabı ilə məğlub olub.

Sportal.az xəbər verir ki, Masazır təmsilçisinin baş məşqçisi Krunoslav Renduliç matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

"Belə oyundan sonra nəticədən danışmaq çətindir. Öz futbolçularımı təbrik edirəm. Nəticə yox, onların göstərdiyi mübarizədən razı qaldım. Oyunun əvvəlində nəzarət bizim tərəfimizdə idi. "Zirə"nin çox yaxşı komanda olduğunu bilirdik. Standart vəziyyətdə kiçik səhv etdik və qolla nəticələndi. Bu, futboldur. Belə hallar baş verə bilər. Sona qədər təslim olmadıq. Rəqibi də təbrik edirəm. Qələbəyə layiq idilər".

- "Zirə" şəxsi oyunlarda üstünlüyü ələ keçirdi. Bunun məyusluğunu yaşayacaqsız?

- Hələ heç nə həll olunmayıb. Qarşıda 8 tur var. Hər həftə hər şey dəyişə bilər. 5-6 komanda bir-birinə yaxındır. Bir qələbə ilə daha irəli gedə bilərik. Mövsümü 2-ci yerdə də bitirə bilərik, 4-cü yerdə də.

- Bu gün əsas rəqibinizə məğlub oldunuz. Amma komandada təlaş hiss olunmurdu. Bu, arxayınlıq nədən irəli gəlir?

- Bir oyun heç nəyi həll etmir. Bura gələndə inanırdım ki, bizim oyunçuların mövsümü 2-ci yerdə bitirmək üçün keyfiyyəti var. Burada olduğum müddətdə keçirdiyimiz 3 oyundan ən yaxşısı bugünkü matç idi. Əvvəlki matçların ikinci hissəsində oyundan düşmüşdük. Bu gün isə 90 dəqiqə oynadıq. Amma belə oyunlarda qol vurmalısan.

- "Qəbələ" ilə yoldaşlıq oyunundan sonra demişdiz ki, futbolçular yüz faizlərini meydanda qoymalıdır. Bu gün bunu gördüz?

- Onların mübarizəsindən, döyüşməklərindən razıyam. Futbol belədir, bəzən yaxşı oynasan da, qələbə qazana bilmirsən.

Elçin Əlixan

Xəbər xətti