"Zirə"nin oyunu avrokuboklarda ən çox izlənilənlər siyahısında - FOTO

14:27 - 19 Avqust 2025

Xorvatiyada "Hayduk" və "Zirə" komandaları arasında keçirilmiş UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab görüşü ən çox izlənilən avrokubok oyunları siyahısına düşüb.

Sportal.az xəbər verir ki, iyulun 31-də Split şəhərindəki "Polyud" stadionunda baş tutmuş matça 30 086 nəfər tamaşa edib.

Qarşılaşmanın əsas vaxtı 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. Əlavə vaxtda isə "Hayduk" qələbə topunu vuraraq, mərhələ adlayıb.

"Hayduk"un III təsnifat mərhələsində Albaniyanın "Dinamo Siti" komandası ilə ev oyununa (3:1) isə daha çox - 31 652 nəfər baxıb.

Avropa Liqasında ən çox tamaşaçı II təsnifat mərhələsinin Türkiyənin İstanbul şəhərindəki "Türpaş" stadionunda "Beşiktaş" və Ukrayna "Şaxtyor"u ilə matçda (2:4) qeydə alınıb - 31 739.

Nəhayət, Çempionlar Liqasında III təsnifat mərhələsinin Portuqaliyanın paytaxtı Lissabondakı "Da Luj" stadionunda "Benfika" və Fransa "Nitsa"sı arasında oynanılmış qarşılaşması (2:0) 64 511 tamaşaçı izləyib.

Qeyd edək ki, statistika avrokubokların təsnifat mərhələlərində keçirilmiş oyunlar üçün aparılıb.

(teleqraf.az)

Xəbər xətti