"İmişli" və "Karvan-Yevlax"dan 500 min manat kəsiləcək? - AFFA dövlətin futbola ayırdığı maliyyəyə nəzarət etməlidir

11:12 - 22 Avqust 2025

Bu mövzuda bir neçə dəfə yazmışıq ki, AFFA tərəfindən "İmişli" və "Karvan-Yevlax"a edilən güzəştlər Premyer Liqada çıxış edən digər klublarla mübarizədə ədalət prinsiplərinin pozulmasıdır. 

Amma ortaya başqa bir məsələ də çıxır. AFFA bu iki bölgədə infrastruktur və uşaq potensialını nəzərə alaraq, "İmişli" və "Karvan-Yevlax"ı əvəzedicilər liqası, U-19, U-17, U-16 komandaların çempionatından azad edib. Bu o deməkdir ki, hər iki klub təxminən 500 min manat qabaq düşür bu güzəştlər hesabına. Aydın məsələdir ki, adıçəkilən klublar həmin pulu əsas komandaya xərcləyib güclənmək niyyətindədilər. Amma burada söhbət yalnız ondan getmir ki, bu iki klub Premyer Liqada qalmaq uğrunda mübarizədə "Şamaxı", "Qəbələ" kimiləri ilə müqayisədə daha avantajlı olurlar. Daha həssas nüanslar var bu məsələdə. 

Birincisi, dövlətin hər kluba ayırdığı 2,5 milyon manatın hansı meyarlar üzrə xərclənməli olduğuna dair hər hansı məlumata rast gəlmək olmur. Klublara deyilib ki, ötən mövsümlə müqayisədə yarım milyon az veriləcək. Bəs, həmin məbləğ nədən tutulacaq, əsas komandanın xərclərindən, yoxsa digər? Çünki bu mövsümə qədər verilən 3 milyon manatın yalnız 2 milyonu əsas komandaya ayrıla bilərdi. 

Meyarlar arasında klublarda uşaq futbolunun saxlanması üçün vəsait də nəzərə alınıb. Məsələn, heç bir sponsor dəstəyi olmayan "Şamaxı"nın ötən mövsümkü hesabatlarına baxıb, uşaq komandalarına ayrılan rəqəmi dəqiqliklə müəyyənləşdirmək olar. Amma belə də, bilinir ki, aşağı yaş qrupları üzrə komandalara xərclənən pulun 70-80 faizi əvəzedicilər liqası, U-19, U-17, U-16 kollektivlərinə gedir. 

Keçək bu mövzunun kulminasiya nöqtəsinə. Deyək ki, AFFA-nın güzəştini anladıq. Amma bir klubun aşağı yaş qrupları üzrə komandaları böyük ölçüdə yoxdursa, bu istiqamətdə dövlətdən ayrılan pul niyə onlara verilməlidir? Pulu dövlət ayırır, amma nəzarəti AFFA eləməlidir. Güzəşt etmək federasiyanın səlahiyyətindədir. Amma AFFA imkan verməli deyil ki, uşaq futboluna xərclənməli 500 min manata yaxın pul başqa səmtə xərclənsin. 

Həmid

Xəbər xətti