AFFA-nın baş katibi Cahangir Fərəcullayev deyib ki, Fernandu Santuş ona müqavilə ilə çatacaq təzminatı alıb. Rəqəm açıqlanmasa da, mətbuatda yayılan məlumatlara görə, söhbət 3,7 milyon manatdan gedir.
Böyük məbləğdir. Bu pula 2 dənə Binə qəsəbəsindəkinə bənzər xudmani stadion tikmək olardı. Bəlkə də, çoxunuz məlumatlı deyilsiz, amma hal-hazırda Binə stadionunda komanda əlindən tərpənmək olmur. Aşağı liqa komandalarından tutmuş, əvəzedici heyət və Premyer Liqa klublarının aşağı yaş qruplarına qədər əksəriyyət orada məskunlaşıb. Boş yer tapmaq mümkün deyil. Çünki ölkədə, xüsusən də paytaxtda infrastruktur problemi var.
Açığı, inanmıram ki, millinin yeni çalışdırıcısı Ayxan Abbasova milyonlar verilsin. Uzağı illik 300-350 min manatdan yuxarı olmaz müqavilənin məbləği. Artıq ilk iki oyundan sonra göründü ki, Abbasov millimiz üçün daha uyğun məşqçidi, nəinki Santuş.
Təəssüf ki, AFFA rəhbərliyinin millimiz üçün yerli məşqçinin əcnəbidən daha münasib seçim olmasını bilməsinə 4 milyon manata yaxın pul getdi. Ümid edək ki, bu bir dərs oldu futbolumuzun başında dayananlara. Bahaya başa gəldi, havaya sovruldu... Amma "oldu ilə öldüyə" çarə yoxdur. Təki nəticə çıxarsınlar.
Emin Abbasov
saytlarin hazirlanmasi