UEFA dünya və Avropa çempionatlarının seçmə mərhələlərinin formatını dəyişə bilər.
Sportal.az "The Times"a istinadən xəbər verir ki, UEFA-nın milli komandalar komitəsində dünya və Avropa çempionatlarının seçmə turnirlərinin formatında dəyişiklik imkanlarını araşdırmaq üçün işçi qrup yaradılıb.
Bu qrup bir neçə müxtəlif sistemi nəzərdən keçirəcək. Xüsusilə, Millətlər Liqasının seçmə turnir kimi istifadə olunub-olunmaması məsələsi müzakirə ediləcək. Digər bir variant isə ötən mövsümdən avrokuboklarda tətbiq edilən “isveçrə modeli” – yəni vahid ümumi turnir cədvəli sisteminin tətbiqidir.
Bu planlar iki həftə əvvəl Malaqada keçirilən 55 Avropa federasiyasının baş katiblərinin toplantısında müzakirə olunub.
Yayılan məlumatda belə qeyd olunub: "Seçmə oyunlarının yayımlarından əldə olunan gəlir və azarkeş marağı azalır, amma Millətlər Liqasında bu göstəricilər artır. Bu məsələ daha əvvəl də müzakirə olunub, lakin böyük yığmalara problem yaratmayacaq, eyni zamanda rəqabət qabiliyyətini qoruyacaq və kiçik komandalar üçün də imkanlar yaradacaq düzgün formulu tapmaq çox çətindir".
saytlarin hazirlanmasi