Azərbaycan milli komandasının sabiq futbolçusu Deni Qaysumov Sportal.az saytına müsahibə verib.
- Bu gün Azərbaycan milli komandası Sent-Lüsiya yığması ilə qarşılaşacaq. Bu görüş Azərbaycan millisinə nə qazandıra bilər?
- Görünən budur ki, milli komanda hazırlıq dönəmindədir və növbəti görüşlərə hazırlıq görür. Belə aşağı reytinqli rəqiblə qarşılaşmaq da vacibdir, ona görə də məşqçilər heyəti, böyük ehtimalla həmin görüş üçün bəzi taktiki-texniki sxemlərə baxmaq istəyir.
- Sent-Lüsiya hazırda FIFA reytinqində 167-ci, Azərbaycan isə 127-ci pillədədir. Yəqin ki, Azərbaycan belə rəqibə qarşı qalib gəlməyə məcburdur..
- FİFA reytinqinə baxsaq, təbii ki, Azərbaycan millisi Sent Lüsiya yığmasına mütləq qalib gəlməlidir. Amma beynəlxalq matçlarda hər şey çox gözlənilməzdir.
- Azərbaycan millisi bir ildir qalib gəlmir. Buna son qoymağın vaxtı çatmayıb?
- Düzünü desəm, bu gün yoldaşlıq oyunumuz olsa da, artıq qələbələr görmək istərdim. Komandamızın nəhayət qalib gəlməsini istəyirəm və bunu gözləyirəm!
- Yığma komandamızın digər rəqibi Syerra-Leonedir. Sizcə, millimiz onları məğlub edə biləcək?
- Ümid edirəm ki, milli komandamızın bu rəqiblərə qarşı oyunlara hazırlığı bizim üçün müsbət nəticələr verməyə hesablanıb! Azərbaycan millisini bu turnirdəki rəqiblərdən daha güclü hesab edirəm. Məncə, hər şey millimiz üçün yaxşı alınacaq.
- Azərbaycanın Millətlər Liqasındakı rəqibləri Litva və Lixtenşteyndir. Sizcə, Azərbaycan Millətlər Liqasında öz qrupunun qalibi ola biləcək?
- Millətlər Liqasındakı rəqiblərin daha çətin olduğunu başa düşürəm. Amma məqsədimiz eynidir: qrupu qazanmaq və irəliləmək! Ümid edək ki, bunu reallaşdıra biləcəklər.
Mirbağırağa
