"Sabah" Bizon Azərbaycan Kubokunun final görüşündə "Zirə" ilə üz-üzə gələcək.
Sportal.az xəbər verir ki, Masazır təmsilçisinin baş məşqçisi Valdas Dambrauskas matçdan öncə keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
- Mənim üçün böyük şərəfdir ki, buradayam. Ardıcıl ikinci il kubokun finalında oynayacağıq. Hər ölkədə kubok finalı çox böyük hadisədir. Adətən mövsümün sonunda keçirilən finalda bəzi klublar titul qazanmaq üçün gözəl fürsət əldə edirlər. Bəzi ölkələrdə superkubok da var. Səbirsizliklə sabahkı oyunu gözləyirik. Rəqibimiz "Zirə"ni də təbrik edirəm ki, finala çıxıblar. Düşünürəm ki, sabah meydanda hər iki komanda çox yaxşı oyun göstərəcək. Hər həsi tribunalara çağırıram. İnanıram ki, azarkeşlər oyundan həzz alacaqlar. Ötən mövsüm kuboku qazanmışıq. Çalışacağıq ki, yenidən bu titulu əldə edək. Çox finallar görmüşəm. Bilirəm ki, finallar hər iki komanda üçün necə çətin olur. Düşünürəm ki, sabahkı oyunda drama, çoxlu qollar, həyəcanlı oyun görəcəyik. İstərdim ki, meydançadan ən yaxşı olan komanda qalib ayrılsın.
- "Zirə" ilə son matçınızda 2:2 hesabı qeydə alınıb. Sabah da belə olsa, penaltilərə hazırsız? Kubokun finalı sizin üçün nə ifadə edir?
- Mənim üçün çox böyük əhəmiyyət kəsb edir. Bizim üçün tarixi fürsətdir. Hamımız əlimizdən gələni edəcəyik ki, titula yenidən yiyələnək. Buna nail olsaq, klubun adını tarixə yazdıracağıq. Hər cür nəticə ola bilər, oyun əlavə vaxta da gedə bilər. Bu matçda drama görə bilərik. Yorğunluq da ola bilər. Sonlarda oyunçuların necə olacağını deyə bilmərəm. Amma penaltiləri məşq etmişik. Futbolçularım hər məşqdən sonra bunu edirlər. Lazım olsa, bilirik ki, kimə güvənə bilərik.
- Kubokun finalı "Zirə" və "Neftçi"nin avrokubok taleyini həll edə bilər. Bunu fikirləşəndə, üzərinizdə hansısa təzyiq hiss edirsiz?
- Öz üzərimizdə necə təzyiq hiss edə bilərik ki? Bu suallara bir az nifrət edirəm. Kubok finalıdır, hər iki komanda üçün tarixi oyundur. Başqa şeylər haqda düşünmürük, sadəcə öz oyunumuzu düşünürük. Üçüncü komanda necə olacaq, bizi maraqlandırmır. Əgər qalib gəlsək, azarkeşlərimizi sevindirəcəyik. Uduzsaq, onları məyus edəcəyik. Başqa şeyi düşünmürük. Digər komanda da bu cür düşünür. Özümüz öz üzərimizdə təzyiq hiss edirik. Özümüz üçün oynayacağıq. Başqalarının taleyi bizi maraqlandırmır.
- Yeddi titul qazanmısız. Bu, sizin üçün əlavə üstünlük sayıla bilər? "Zirə" Rəşad Sadıqovun rəhbərliyi altında iki dəfə final oynayıb. Bu, onlar üçün üstünlükdür?
- Əlbəttə ki, fərqli duyğulardır. Keçmişdə qazanılan uğur artıq keçmişdə qalıb. Çünki o uğuru fərqli komandalarla əldə etmişəm. Mənə görə finallar baş məşqçilərə o qədər təcrübə vermir. Təcrübəni hər gün məşqlərdə, yanaşma ilə əldə edirsən. Finallar səni yaxşı məşqçi etmir. Rəqib də, biz də əlimizdən gələni edəcəyik ki, sabah qalib olaq. İstəyərdim ki, sabah dramatik, həyəcanlı oyun olsun.
- "Zirə" böyük ehtimalla beşli müdafiə sistemi ilə oynayacaq. Belə oynayan komandaların müdafiə xəttini yarmaq üçün hansı planlarınız var? Daha çox buna hazırlaşmısız, yoxsa "Zirə"dən sürpriz oyun gözləyirsiz??
- Hər şeyi sizə desəm, marağı qalmayacaq. Bu rəqibə qarşı hazırlaşmaq çətindir. "Zirə" ilə artıq üç dəfə oynamışıq. Dəfələrlə onların oyunlarına baxmışam, təhlil etmişəm. Bir-birimizi heç də böyük sürprizlər gözləmir. Çox yaxşı tanıyırıq bir-birimizi. Bu oyunun taleyini kiçik detallar həll edəcək. Əvvəlki oyunlara necə hazırlşamışıqsa, bu matça da elə hazırlaşacağıq. Bizim A, B, C planlarımız olur ki, sürətli reaksiya verək. Üzərimizdə çox təzyiq yoxdur. Sabah təzyiqsiz oynayacağıq. İstəyərdim ki, çox yaxşı oyun nümayiş etdirək. İstədiyimiz oyunu göstərsək, sabah ən yaxşı komanda olacağıq.
- Adətən Azərbaycanda kubokun finalı mövsümün sonunda olurdu. Artıq bu mövsüm dəyişiklik edilib. Siz özünüz də bu haqda danışdınız. Necə düşünürsüz, bu cür təqvim oyunçularınızı daha çox motivasiya etməyə imkan yaradır? Hər halda, son oyunda futbolçular daha çox tətil haqda düşünür...
- Səmimi desəm, bu barədə fikrim yoxdur. Çünki ölkədə qaydalar necədirsə, ona hörmət edirik. Təşkilatçılara hörmət edirik. Önəmi yoxdur mənim üçün. Bu ölkənin böyük futbol tarixi var, biz kimik ki, gələk nələrisə dəyişməyə çalışaq. Oyunları tərbit edərkən təqvim önəmlidir. Hansı gün lazımdırsa, o gün də oynayacağıq. Bu barədə nəsə deməyim düzgün olmazdı.
- "Omoniya"nın baş məşqçisi olarkən, "Zirə"ni 6:0 məğlub etmişdiniz. Bu mövsüm isə "Sabah"ın çalışdırıcıs kimi "Zirə"yə 3:0, 3:1 qalib gəlmisiz. Bir adama çox məğlub olursansa, ona qarşı aqressiv olursan. Sabah meydanda daha qressiv "Zirə", daha aqressiv Rəşad Sadıqov gözləyirsiz?
- Bu, finaldır. Bu cür staitstikanın heç bir mənası yoxdur. Final hər iki komanda üçün çox önəmlidir. "Omoniya"da olarkən Bakıda 1:0 məğlub olmuşduq. Keçmiş oyunların sabahkı finala heç bir təsiri yoxdur. Biz bir-birimizi tanıyırıq. Final elə oyundur ki, hər şey baş verə bilər. Düşünürəm ki, həriki komanda çox aqresiv olacaq, qalib gəlmək istəyəcək. İstəyərdim ki, azarkeşlər bu oyundan həzz alsınlar. Səbirsizliklə sabahkı matçı gözləyirik.
- "Zirə" avrokubokları vəsiqəni təmin etmək üçün sabah qalib gəlməlidir. Onların bu istəyi sizə problem yarada bilər?
- Siz necə fikirləşirsiz? "Zirə" bizə problem yarada bilər?
- İstəklərinizi nəzərə alsaq, ola bilər...
- Onlar bizə, biz də onlara problem yaratmağa çalışacağıq. Bu, meydançaya çıxarkən hər iki komandanın düşündüyü tapşırıqdır ki, bir-birinə problem yaratsınlar. Sabah az səhv edən komanda qalib olacaq. İnşallah sabah ən yaxşı komanda meydandan qalib ayrılar.
Mirbağırağa
saytlarin hazirlanmasi
