“Mançester Yunayted”in sabiq müdafiəçisi Qari Nevill “Mançester Siti” ilə bağlı iş barədə fikirlərini bildirib.
Sportal.az xəbər verir ki, ötən həftə “şəhərlilər”in Premyer Liqanın maliyyə qaydalarının pozulması ilə bağlı irəli sürülən ittihamların, demək olar ki, hamısı üzrə təqsirli bilindiyi barədə məlumat yayılmışdı. 2023-cü ilin fevralında Premyer Liqa “Mançester Siti”ni 2009–2018-ci illər ərzində maliyyə qaydalarını 115 dəfə pozmaqda ittiham etmişdi. Daha sonra “The Times” qəzeti pozuntuların sayının 115 deyil, 130 olduğunu bildirmişdi. Buna səbəb Premyer Liqanın ittihamları ilk dəfə açıqladığı zaman bəzi qaydalarla bağlı yaranan qarışıqlıq idi. Çərşənbə axşamı Premyer Liqa klubun bütün ittiham bəndləri üzrə təqsirli bilindiyini açıqlayıb.
“Bütün bu dövr "Mançester Siti’nin uğurları indi sual altındadır... Bunun nəyə gətirib çıxaracağını kim bilir... Amma bu, çox ciddi məsələdir: İngiltərə futbolunun təməllərini sarsıdır və indiyədək gördüyümüz ən möhtəşəm komandalardan birinin nailiyyətlərini şübhə altına alır.
Düşünürəm ki, qarşıdakı həftələrdə ‘Siti’nin futbolçuları var gücləri ilə mübarizə aparacaqlar... Bu, tamamilə gözləniləndir: vəziyyət aydınlaşana qədər klubunun maraqlarını sona kimi müdafiə edirsən. Əgər ittihamlarla bağlı qərarlar qüvvədə qalarsa, həmin dövr həmişəlik ləkələnmiş olaraq qalacaq... Nailiyyətlərin dəyəri aşağı düşəcək.
"Mançester Yunayted" Superliqa ideyası ilə çıxış edəndə onu sərt şəkildə tənqid etmişdim. "Mançester Siti"nin azarkeşləri və futbolçuları da eyni mövqedən çıxış etməlidirlər.
Başqa ölkələrə baxanda... Korrupsiya, maliyyə dopinqi... Bütün bunların sanki haradasa başqa yerdə, xaricdə baş verdiyini düşünürdük... İndi isə Premyer Liqanın adı ləkələnir. Çünki son 15 ildə dominantlıq edən komandanın, görünür, titulları ədalətsiz yolla qazandığı ortaya çıxır. Bu, dəhşətlidir.
Premyer Liqa ‘Aston Villa’, ‘Nottingem Forest’, ‘Şeffild Uensdey’ olmadan da yoluna davam edib... Halbuki cəmi bir neçə il əvvəl bu klublar ‘Mançester Siti’dən daha böyük idilər... ‘Siti’nin aşağı diviziona göndərilib-göndərilməməsinin o qədər də vacib olduğunu düşünmürəm. Bu, ikinci dərəcəli məsələdir.
Əsas məsələ həmin dövrdə qazandıqları nailiyyətlərin qüvvədə qalıb-qalmayacağıdır. Klub sahiblərinə gəlincə... Futbol klubunun bir hissəsinə sahib olmaq böyük məsuliyyətdir və buna son dərəcə ciddi yanaşmaq lazımdır. Diqqəti cərimələrə və ya "Mançester Siti"nin üçüncü, yaxud dördüncü liqaya düşüb-düşməyəcəyinə yönəltmək lazım deyil”, — deyə Nevill bildirib.
saytlarin hazirlanmasi
