"Layiqsənsə, milliyə niyə də dəvət edilməyəsən? Bunun nümunəsi elə Bədavidir" - Türkiyə klubunun üzvü

13:16 - 8 Oktyabr 2026

Türkiyənin "Boluspor" klubunun müdafiəçisi Elvin Yunuszadə Sportal.az saytına müsahibə verib.

- Türkiyədə işlərin necə gedir? Zədəni tam sağalda bildin? 

- Ümumilikdə özümlə bağlı işlərim pis deyil. Şükür Allaha, zədəm də sağalıb. Birinci turda əsas heyətdə meydana çıxmışdım. Halbuki komandaya 3-4 gün idi ki, qoşulmuşdum. Sonradan "Bandırmaspor"la görüşdə də əsas heyətdə oynadım. Zədəm tam sağalmamışdı. Belə qərara gəldik ki, zədəmi tam sağaltdıqdan sonra tam olaraq komandaya qoşulum. İndi də hər şey qaydasındadır. Növbəti turlarda oynamaq şansım olacaq.

- "Boluspor"un ümumi durumu necədir? Komandanın uğursuz çıxış etməsinin səbəbi nədir? 

- Turnir cədvəlinə baxaraq, "Boluspor"un ümumi durumunun o qədər də yaxşı olmadığını demək olar. Lakin artıq hər şey qarşıdadır. Çempionatın başlamasına 3-4 gün qalmış komandaya yeni baş məşqçi gəldi, yeni oyunçular qoşuldu komandaya. Komanda toplanış keçməmişdi, yoxlama matçları oynamamışdı. Bunların da hamısı çempionat matçlarında öz təsirini göstərdi. Hazırlıq keçmədən liqaya başladıq. İndi isə yeni baş məşqçimiz var, bu da komandaya yaxşı tərəfdən təsirini göstərir. Matçlarda da yaxşıya doğru dəyişiklik olduğunu rəsmi şəkildə göstərəcəyik.

- Zədəli olmasaydın, stabil oynasaydın Azərbaycan milli komandasına dəvət edilərdin?

- Əlbəttə ki, millidə oynamaq hər bir futbolçu üçün qürur hissidir. Mən də dəvət edilsəm, çox sevinərəm. Mən öz işimi görməli, oynamalıyam. Qərar isə millinin baş məşqçisi Ayxan Abbasovundur. Çağırsa da, gəlib canla-başla oynayaram.

- Bədavi Hüseynovun 35 yaşı var və millinin kapitanıdır. Son matçlarda daha ön plana çıxan futbolçu oldu. Əvvəllər onunla komanda yoldaşı olmusan. Bədavi haqda nə dəşünürsən? 

- Artıq dünyada futbolçunun yaşı da artıb. Baxırsan ki, böyük komandalarda da 38-40 yaşına qədər oynayanlar var. Özünə diqqət edirsənsə, oynayırsansa, layiqsənsə, niyə də dəvət edilməyəsən? Bunun nümunəsi elə Bədavi Hüseynovdur. Onunla uşaqlıqdan birlikdə oynamışıq, aşağı yaş qruplarından ibarət yığmalarda, A millidə, "Qarabağ"da....Bədavi həm xarakterinə ,həm də oynadığı futbola görə indi də ən xoş sözlərə layiqdir. Hamı deyir ki, Bədavinin 35 yaşı var. Amma məsələ yaşda deyil. Əsas meydanda komandaya töhvə vermək, kömək etmədir. Əgər futbolçunun 35 yaşı ola-ola komandaya kömək edirsə, buna ancaq hörmətlə yanaşmaq lazımdır.

- Bu, həm də onu göstərir ki, Türkiyədə stabil oynasan, yaşa baxmayaraq, milliyə dəvət edilə bilərsən? 

- Kim komandaya xeyir verirsə, komandaya kömək edirsə, yaşından asılı olmayaraq, o da milliyə dəvət edilməlidir.

- Millimiz Lixtenşteyni uda bilmədi, sonradan Litvaya qalib gəldi. Millinin çıxışı haqda fikrin necədir? Səncə, qrup birincisi olmağımız mümkündür?

- Millidə təzyiq də çoxdur. Xalq olaraq istəyirik ki, qalib gələk. Lixtenşteynlə oyunda da çox qol epizodumuz oldu, istifadə edə bilmədilər. Milli Lixtenşteynlə görüşü pis oynamamışdı. Sadəcə bəzi vaxtlarda şans da lazımdır. Çünki hamı sonda nəticəyə baxır. O qədər oyunlar olur ki, pis oynayıb, qalib gəlirsən. Lixtenşteynlə görüşdə komandamız yaxşı oynamışdı. Ancaq hər kəs sonda nəticəyə baxdı və deyir ki, bu qədər əhalisi olan ölkənin millisini uda bilmirik. Mən oyuna futbolçu kimi baxdım. Millinin oynadığı futbola daha çox önəm vermək lazımdır. Əgər uzunmüddətli nəticə istəyiriksə, daha yaxşı milli görmək istəyiriksə...Futbolçularımızın üzərində də təzyiq çoxdur. Onlar da bilir ki, mütləq qalib gəlməliyik, hamının gözləntisi odur. Komandada milli ruh var, komanda oynayır, komanda qalib gəlmək istəyir. Hamı sona qədər mübarizə aparır. Sadəcə bəzi məqamlarda səbirli olub, yaxşıya ümid etmək lazımdır.

Mirbağırağa

Xəbər xətti