Maradonanın ölümü ilə bağlı yeni detallar - həkim 12 il azadlıqdan məhrum edilə bilər

00:22 - 10 Oktyabr 2026

Prokurorluq Dieqo Maradonanın ölümü ilə bağlı iş üzrə təqsirləndirilən şəxslərin həbs cəzasına məhkum edilməsini tələb edib.

Sportal.az xəbər verir ki, Argentina millisinin sabiq futbolçusu və baş məşqçisi Dieqo Maradona 25 noyabr 2020-ci ildə 60 yaşında vəfat edib.

İş üzrə yekun çıxışların nəticəsində prokurorlar Patrision Ferrari və Kosme İribarren neyrocərrah Leopoldo Lukenin 12 il müddətinə azadlıqdan məhrum edilməsini tələb ediblər. Onlar həmçinin "Swiss Medical" şirkətinin koordinatoru Nensi Forlini üçün 10 il, psixiatr Aqustina Kosaçov üçün isə 8 il həbs cəzası istəyiblər. Bundan əlavə, ittiham tərəfi psixoloq Karlos Diasın 5 il müddətinə azadlıqdan məhrum edilməsini və 10 il tibbi fəaliyyətlə məşğul olmasının qadağan edilməsini tələb edib. Tibb qardaşları Rikardo Almiron və Mariano Perroni üçün isə 4 il həbs və 8 il peşə fəaliyyətindən uzaqlaşdırılma cəzası istənilib.

Bununla yanaşı, prokurorluq həkim Pedro Di Spanyeyə qarşı ittihamlardan imtina edib.

"O, üzərinə düşən vəzifəni yerinə yetirən yeganə şəxs idi. Bu halda Di Spanye cinayət məsuliyyəti daşımamalıdır. Birincisi, o, yalnız məsləhətçi qismində fəaliyyət göstərirdi. İkincisi, pasiyentin sağlamlığının qorunması ilə bağlı qərarlar qəbul etmək üçün nə səlahiyyəti, nə də imkanı var idi" – deyə Ferrari bildirib.

Prokuror daha sonra əlavə edib:

"Maradonanı müalicə edən tibbi heyətdə baş verənlərə görə əsas məsuliyyət daşıyan iki şəxs var. Birincisi, futbolçunun müalicə həkimi Leopoldo Lukedir. Onun hərəkətləri və hərəkətsizliyi nəticəsində kardioloqun tövsiyə etdiyi tibbi müayinələr aparılmayıb. Ona qamma-kamera vasitəsilə müayinələrin keçirilməsi tövsiyə olunmuşdu. Lakin o, xəstənin yenilənmiş tibbi tarixçəsini hazırlamayıb. Vəziyyətin mürəkkəbliyini nəzərə alaraq Maradonanın ixtisaslaşmış tibb mərkəzinə yerləşdirilməsini təşkil etməyib. Əvəzində futbolçunun öz iradəsinə zidd olaraq saxlanıldığı evdə qalmasına göstəriş verib.

O, vəziyyəti daha da ağırlaşdırmaq üçün əlindən gələni edirdi. Ürək çatışmazlığının əlamətlərinə məhəl qoymurdu. Hamı ona Maradonanın bədənində şişkinlik və maye yığılması olduğunu bildirirdi. Lakin Luke hər dəfə eyni cür davranırdı: heç bir tədbir görmürdü. Baş verənlərə görə böyük məsuliyyət daşıdığı görünən digər şəxs isə Nensi Forlinidir. O, Maradonanın həyatının son günlərində pasiyenti qeyri-müəyyən vəziyyətdə saxlayan, fəaliyyəti nizamsız şəkildə təşkil edilmiş başqa bir struktura rəhbərlik edirdi".– deyə prokuror vurğulayıb.

Xəbər xətti