Pis vaxta düşmüşük. Elə bir zəmanədə yaşayırıq ki, artıq həyatın gəlişini-gedişini tutmaq olmur. Böyük adamların bir günün içində kiçik düşməsi, kiçik adamların da bir göz qırpımında böyüməsini görürük. Əvvəldən də belə olub olmağına, amma daha indiki qədər yox!
Bunun ən pis tərəfi kiçik adamların birdən-birə böyüməsidir. Vəzifənin, pulun ağırlığını hər adam daşıya bilmir axı. Çoxlarını çaşdırır belə əzəmət. Baxırsan ki, əvvəl hər şeyi yerindəydi, vəzifəsi olmasa da, insanlığı özünə vəzifə bilirdi. Özündən böyük adamın himayəsinə keçən kimi elə bil bunları dəyişirlər. Cisim həmin cisimdi, ruh başqa ruhla əvəzlənir.
Başıbəlalı Azərbaycan futbolununku da lap başdan gətirməyib. Böyük adamların harada işbacarmaz, futboldan başı çıxmayan, amma özünü bilici sayan dost-tanışı, qohumu varsa, göndərirlər futbol sahəsinə ki başını qatsın. Elə ona görədir ki, uzun illərdi ortalıqda heç nə yoxdur. Baş qata-qata gedirik.
Bu tez böyüyən kiçik adamların adətən bir xüsusiyyəti də olur. Kölgələrini görəndə, elə bilirlər o böyüklükdədilər. Orasını unudurlar ki, onu bu yerlərə qaldıran böyük adam əlini çəksə üstündən, yenə də dönüb olacaqlar hamı kimi sıradan biri. Amma hələ ki vəzifədədilər gözləri ayağının altını görmür. "Nə əcaib sürü, yahu, bunlar..." - Hüseyn Cavid demişkən!
Fikrət
saytlarin hazirlanmasi
