U-16 yığma komandamızın baş məşqçisi Famil Xəlilov kollektivin FIFA U-15 dünya çempionatı və festivalındakı iştirakından sonra jurnalistlərə müsahibə verib.
O, Sportal.az saytının da suallarını cavablandırıb.
- Yığma komanda 83-cü yer uğrunda görüşdə Əfqanıstana penaltilər seriyasında uduzdu. Yəqin ki, daha yaxşı nəticəyə ümid edirdiniz?
- Əlbəttə ki, yaxşı nəticəyə ümid edirdik. Sadəcə dünənki Vyetnama ağır məğlubiyyətdən sonra futbolçular psixoloji olaraq toparlana bilmədilər. Biz onları oyuna kökləməyə çalışdıq. Təəssüf ki, bəzi məqamlarda o boşluqlar hiss edildi.
- Aşağı yerlər uğrunda oynamaq futbolçulara motivasiya sarıdan mane oldu?
- Xeyr. Əgər biz həqiqətən bu gün final mərhələsində iştirak etmək istəyirdiksə, qrupda sonuncu yeri tutmaq belə, bizə bu şansı qazandırırdı. Biz düşündük ki, qrupda ən yaxşı nəticəni göstərək və daha yüksək səviyyəli komandalar oynayaq, uşaqlardakı əskikləri, boşluqları görə bilək. Əks halda, 4-ci və ya 5-ci yerlərdə bitirib, final mərhələsində divizionun çempionluğu uğrunda yarışa bilərdik. Bizə bu gün nə lazımdır? Onu fikirləşməliyik.
- Bu gün həm də, uşaq futbolumuz Əfqanıstanın uşaq futboluna uduzdu. Bu gün futbolçularımız əfqan futbolçulardan hansı komponentlərdə geri qalırdı?
- Onu deyə bilərəm ki, bu nəsilə, bu futbolçulara inanmaq lazımdır. Çox istedadlı oyunçularımız var. Bunu şanssızlıq, ya oyuna tam köklənməmək deyim...Ancaq futbolçularımızın keyfiyyəti ortadadır. Onların 14-15 yaşları var. Belə turnirdə ilk dəfədir ki, çıxış edirlər. Elə uşaqlar var ki, ölkədən kənara çıxmayıb, ilk beynəlxalq turniridir. Altı gün ərzində 10 oyuna çıxmaq onlar üçün ağır qrafikdir.
- Turnirdən əvvəl neçənci yer tutsaydınız, bu nəticə sizi qane edəcəkdi?
- Qrup bəlli olduqdan sonra 1-ci yeri tutmaq idi ki, daha yaxşı komandalarla qarşılaşaq. Amma ümumilikdə komandamız Çili, Avstraliya, Haitiyə qarşı da çox yaxşı oyun göstərdi. Sadəcə müəyyən məqamlar var ki, futbolçular təcrübəsizlikdən boşluqlar verdi və rəqib də ondan istifadə etdi.
- Deyirsiz ki, uşaqlara inanmaq lazımdır. 30 ilə yaxındır ki, eyni şeyi eşidirik. İstedadlı futbolçularımız da var. 14-15 yaşlı futbolçu 17-18 yaşında daha da irəli getmir. İnkişafın dayanmasına nə mane olur?
- 20 illik akademiya fəaliyyətim olub. Futbolçuların yetişməsi üçün çoxlu beynəlxaq turnirə ehtiyacımız var. Daha güclü rəqiblərlə qarşılaşmalıdırlar ki, bu cür hallarda futbolçular oyuna köklənə və daha yaxşı performans göstərsinlər.
- Bir sözlə, əsas işi klublar görməlidir...
- Təbii ki. Uşaqlar üçün turnirlər təşkil etmək vacibdir.
- Oyunları AFFA rəhbərliyi də izləyirdi. Əfqanıstanla oyundan sonra sizə sözləri nə oldu?
- İlk turnirimiz idi. Onlar da bizim əlimizi sıxdılar. İşimiz qarşıdadır. Çox çalışmalıyıq. Artıq əskiklərimizi bilirik. Bundan sonra vaxtımız çox olacaq ki, bu uşaqları U-17-nin Avropa çempionatının seçmə mərhələsinə hazırlayaq.
- Siz deyirsiz ki, uşaqları klublar yetişdirməlidir. Azərbaycan Premyer Liqasında limit ləğv edilib. Limit ləğv edilibsə, klublar nəyə görə futbolçu yetişdirsin?
- Onunla bağlı fikir bildirmək istəmirəm. Bizim işimiz sadəcə əlimizdə olan futbolçuları yaxşı səviyyəyə çatdırmaqdır. Məni də bura onun üçün gətiriblər. Əlimdən gələni edəcəm ki, futbolçular o səviyyəyə çatsın.
Mirbağırağa
saytlarin hazirlanmasi
