Oktyabrın 30-da FIFA U-15 Dünya Çempionatı və Festivalı 2026-nın son oyun günü davam edir.
Sportal.az xəbər verir ki, Bakı Kristal Zalında keçirilən altı final qarşılaşmasından beşi artıq başa çatıb və müvafiq səviyyələr üzrə qaliblər müəyyənləşib.
F səviyyəsinin finalında Yeni Zelandiya Efiopiya yığmasına 2:1 hesabı ilə qalib gəlib. E səviyyəsinin finalında Mərkəzi Afrika Respublikası Banqladeş yığmasını 4:1 hesabı ilə məğlub edib. D səviyyəsinin Kanada – Tacikistan qarşılaşması Tacikistan yığmasının 4:2 hesablı qələbəsi ilə yekunlaşıb. C səviyyəsinin finalında Belarus Tunis üzərində 3:0 hesablı qələbə qazanıb. B səviyyəsinin finalında isə Zambiya Portuqaliya yığmasını 5:2 hesabı ilə məğlub edib.
Final proqramı günün ikinci yarısında Bakı Kristal Zalında davam edəcək. A səviyyəsinin final qarşılaşmasında Çexiya və İspaniya yığmaları üz-üzə gələcək.
Bu gün Hövsan Yarış Kompleksində də turnirin son qarşılaşmaları keçirilib və oyun proqramı 90 görüşlə yekunlaşıb. Azərbaycan yığması turnirdə son oyununu Əfqanıstan komandası ilə keçirib. AFFA prezidenti Rövşən Nəcəf də millimizə dəstək olmaq üçün qarşılaşmanı tribunadan izləyib. Gərgin mübarizə şəraitində keçən oyunun qalibi penaltilər seriyasında müəyyənləşib və Əfqanıstan yığması üstün olub.
FIFA tarixində ilk dəfə təşkil olunan FIFA U-15 Dünya Çempionatı və Festivalı 2026 189 FIFA üzv assosiasiyasını təmsil edən yeniyetmə futbolçuları Bakıda bir araya gətirib. Bir həftə ərzində dünyanın müxtəlif ölkələrindən olan gənc futbolçular meydanda rəqabət aparmaqla yanaşı, fərqli mədəniyyətlərdən olan həmyaşıdları ilə ünsiyyət qurmaq, yeni dostluqlar yaratmaq və beynəlxalq turnir təcrübəsi qazanmaq imkanı əldə ediblər.
Turnir günlərində dünya futbolunun tanınmış simaları da yarışları izləmək üçün Bakıda olublar. FIFA prezidenti Canni İnfantino, FIFA-nın qlobal futbol inkişafı üzrə rəhbəri Arsen Venger və FIFA Hakimlər Komitəsinin sədri Pierluici Kollina müxtəlif günlərdə turniri ziyarət ediblər. Onlar qarşılaşmaları izləyib, gənc futbolçular, məşqçilər və turnirin təşkilində çalışan əməkdaşlarla görüşüblər. Dünya futbolunun aparıcı simalarının iştirakı ilk dəfə keçirilən turnirin beynəlxalq əhəmiyyətini bir daha nümayiş etdirib.
Final qarşılaşmalarının ardınca Bakı Kristal Zalında qaliblərin mükafatlandırılması və xüsusi şou proqramı ilə müşayiət olunan bağlanış mərasimi keçiriləcək. Bununla da Azərbaycanın ev sahibliyi etdiyi, FIFA tarixində ilk dəfə təşkil olunan FIFA U-15 Dünya Çempionatı və Festivalı 2026 başa çatacaq.
saytlarin hazirlanmasi
