"İnanıram ki, "Qarabağ"la oyunda 3 xalı biz qazanacağıq" MÜSAHİBƏ

16:29 - 12 Sentyabr 2013

Cəmşid Məhərrəmov: "Onlarla maddi razılığa gələ bilmədik"
 
"Rəvan"ın yeni transferi Cəmşid Məhərrəmov Sportal.az-a müsahibə verib. Təcrübəli futbolçu yeni komandası və Türkiyə klublarına keçidinin alınmaması haqqında danışıb.
 
- “Rəvan”a keçidin necə baş tutdu?
- Təklif gəldi. Söhbət elədik və razılaşdıq. Çox sağ olsunlar ki, şərtlər yaxşı idi və mənimlə müqavilə bağladılar. 
 
- Türkiyəyə PTT Liqa klublarından birinə keçidin müzakiə mövzusu idi. Niyə ora transferin baş tutmadı?
- Mən ora menecer vasitəsi ilə getmişdim. Şərtlər məni təbii ki, ölkə xaricində oynadığım üçün qane etməli idi. Amma bəzi şeylər oldu. Maddi cəhətdən anlaşa bilmədik. Ona görə də transferim alınmadı. 
 
- “Rəvan”da işlərin necə gedir?
- Burda hər şey yaxşıdır. “Rəvan”da yaxşı futbolçular var. İnanıram ki, biz də Premyer Liqada öz sözümüzü deyəcəyik. Düzdü, burda bəzi uğursuzluqlar olub. Amma düşünürəm ki, buna yeni futbolçuların komandaya öyəşməməsi səbəb olub. Bundan sonra əlimizdən gələni edəcəyik ki, qələbələr qazanaq. 
 
- Artıq Premyer Liqa 4 dövrəli sistemlə keçirilir. Sən Azərbaycan çempionatlarında ən çox oynamış təcrübəli futbolçulardansan. Nə düşünürsən bu sistem barədə?
- Əslində komandaların sayı daha çox olsaydı, yaxşı olardı. Çünki yerli uşaqların oynaması lazımdır. Həmçinin də limit məsələsi həll olunsaydı, yaşı olardı. Yerli uşaqlar meydana çıxardı. Amma bu qərarı AFFA qəbul edibsə, inanıram ki, Azərbaycan futboluna xeyir verəcək. Bu qərarın faydalı olub-olmadığını qarşıda görəcəyik.
 
- Milli komandamızın İsraillə oyununa baxdın?
- Milli komandamız pis təsir bağışlamadı. Yaxşı oynadılar. Sadəcə buraxdıqları qol olmasaydı, əla olardı. İnanıram ki, qarşıdakı iki oyunda qələbə qazanacaqlar. 
 
- Sabah sizi “Qarabağ”la çətin oyun gözləyir...
- Meydana qələbə üçün çıxacağıq. Xala ehtiyacımız var. 3 xal qazanmaq fikrindəyik. İnanıram ki, 3 xalı qazanacağıq.
 
Elsevər MƏMMƏDOV
 

Xəbər xətti