"Bakıya gəlməyimi istəyən insanlar AFFA və "Neftçi"nin prezidenti ilə görüşməyimi istədilər" MÜSAHİBƏ

20:53 - 19 Sentyabr 2013

Yılmaz Vural Azərbaycana gəlir
 
 
Sportal.az türkiyəli məşqçi Yılmaz Vuralın  müsahibəsini təqdim edir
 
 
- Sizə Bakıdan zəng edirik. Türkiyə mətbuatında sizin sentyabrın 22-də millimizin başına keçmək üçün danışıqlar aparmağa gəldiyiniz deyilir. Bu xəbər nə dərəcədə doğrudur?
- Əsl mətləbi sizə açıqlayım. Adil bəy məni Bakıya dəvət edib. Burda mərhum prezidentiniz Heydər Əliyevin 90 illiyi münasibətilə tədbir keçirilməlidir. Bu münasibətlə Türkiyədən mən idman adamı kimi dəvət edilmişəm. O həmçinin mənə deyib ki, AFFA rəsmiləri ilə də məni görüşdürəcək. Üstəlik, Bakıda bir bazanın açılışı da olmalıdır. Bu tədbirlərdə iştirak etməliyəm.
 
- Adil dediyiniz insan kimdir?
- Adil Əliyev, Yeni Azərbaycan Partiyasından millət vəkilidir. Bakıda oktyabrın 9-da prezident seçkiləri var. Onunla bağlı Türkiyədən sənətçiləri də çağırıblar.
 
- Amma milliyə gəlmək yönündə sizinlə hələ söhbət aparılmayıb?
- Yox, belə bir şey yoxdur hələ. Amma Adil bəy məni AFFA prezidenti ilə görüşdürmək istəyir. Hələ söhbət mövzusunun nə olacağını bilmirəm.
 
- Bəs Berti Foqtsun müqaviləsinin bitməsindən xəbəriniz varmı?
- Var. Bildiyimə görə, o artıq Polşaya gedib.
 
- Yox, hələ heç hara getməyib. Ancaq ilin sonunda komandadan ayrılacaq...
- Bax, ayrılırmış. Məhz bu üzdən məni AFFA prezidenti ilə görüşdürmək istəyirmiş. Mən kimsə ilə məni görüşdürün deməmişəm. Yəqin ki, Adil bəyin belə bir düşüncəsi varmış. Təbii ki, söhbət zamanı bu məsələ haqqında da danışılacaq.
 
- Millimizin oyunlarını izləyirsinizmi?
- Təbii ki, çox diqqətlə olmasa da, izləmək və xəbər tutmaq imkanım olur. “Neftçi”nin Çempionlar Liqasının təsnifat mərhələsində keçirdiyi oyunlardan xəbərdaram.
 
- Yeri gəlmişkən, “Neftçi” də baş məşqçi axtarışındadır. Bununla bağlı sizə müraciət olundumu?
- Bakıya gəlməyimi istəyən insanlar AFFA və bu klubun prezidenti ilə görüşməyimi istədilər. Ora açılış mərasimi ilə bağlı gəlsəm də, bu məsələlər haqda da söhbətimizin olması istisna deyil.
 
apasport.az

Xəbər xətti