"Pul da təklif etsələr, Azərbaycan millisini seçmərəm" MÜSAHİBƏ

15:30 - 10 Yanvar 2015

"AFFA-dan mütəmadi olaraq atama zəng edirlər"

 

"Zenit"in və Rusiyanın gənclər millimisinin üzvü, əslən azərbaycanlı olan Ramil Şeydayevin müsahibəsi:

 

 

- Ramil, əvvəlcə özün haqda məlumat verərdin. Harada doğulmusan, futbola gəlişin necə baş tutub?

- Mən elə burada (Sankt-Peterburqu nəzərdə tutur-red.) anadan olmuşam. Futbola uşaqlıqdan böyük həvəsim olub. İlk addımlarımı da “Zenit”in uşaq məktəbində atmışam. Daha sonra əvəzedici heyətlə müqavilə imzaladım. Bu gün əsas komandanın heyətində məşq edirəm.

 

- Azərbaycanda olmusan?

- Hə, bir neçə dəfə olmuşam.

 

- Sonuncu dəfə nə vaxt vətənə səfər etmisən?

- 2013-cü ilin ün yayında. Orada qohumlarım yaşayır.

 

- Valideynlərinin hər ikisi azərbaycanlıdı?

- Yox, yalnız atam azərbaycanlıdı.

 

- Bu gün çoxlarını sənin hansı ölkənin millisini seçəcəyin maraqlandırır. Azərbaycan, yoxsa Rusiya?

- Bu suala çox cavab vermişəm.

 

- Müsahibələrində demisən ki, Azərbaycandan heç kim mənimlə əlaqə saxlamayıb. Amma dəqiq bilirəm ki, AFFA-dan səninlə də, atanla da dəfələrlə danışıblar.

- Düzdür, atamla danışırlar mütəmadi olaraq. Amma mən qərarımı qəbul etmişəm. Rusiyanın əsas millisinin formasını geymək istəyirəm. Burada perspektiv daha çoxdur. Azərbaycana qarşı pis niyyətim yoxdur. Burada oynamasaydım, məmuniyyətlə Azərbaycan millisinin şərəfini qoruyardım.


 

"AZƏRBAYCANA HÖRMƏT ETSƏM DƏ, ORADA PERSPEKTİV AZDIR"

 

- Deməli, Azərbaycana ikinci variant kimi baxırsan?

- Azərbaycana hörmət edirəm. Amma orada perspektiv azdır. Futbol oynamaq, inkişaf etmək üçün burada olmalıyam. Yalnız Rusiya millisinin formasını geyəcəyim halda Avropanın böyük klublarına getmək şansım olacaq.

 

- İstənilən halda, əslən Azərbaycandan olduğun üçün gələcəkdə millidə problemlər yaşaya bilərsən.

- Azərbaycanlı olsam da, əsas odur ki, rus pasportum var.

 

- Atan da səninlə həmfikirdi?

- Təbii ki. Biz birgə məsləhətləşib, bu qərarı qəbul etmişik. Hələ ki, mənim üçün ən yaxşı variant Rusiyanı seçməkdir.

 

- Rusiyanı ürəyinin səsinə qulaq asıb seçirsən, yoxsa sırf peşəkarlığa görə?

- Ürəyimin nə deməsi mühüm deyil. Əsas odur ki, peşəkarlıq baxımından Rusiya futbolu Azərbaycandan üstündür. Mən inkişaf etmək, daha irəli getmək istəyirəm.

 

- Azərbaycanı seçəcəyin halda, Rusiyada legioner sayılacaqsan. Yəqin ki, seçimində bu amilin də rolu var. Düzdür?

- Təbii ki.

 

- Amma “Zenit”in akademiyasının direktoru Vladimir Kazaçonok bu günlərdə verdiyi müsahibəsində qeyd etdi ki, Ramil güclü futbolçu və “Zenit”in əsas heyətinə düşməyə layiq olsa, klub üçün onun pasportunun rəngi fərq etməyəcək...

- Belə də ola bilər. Amma etiraf edək ki, Rusiya pasportu ilə əsas heyətə düşmək daha asandır.


 

"SƏMƏDOVUN TALEYİNİ YAŞAMAQDAN QORXMURAM"

 

- Aleksandr Səmədov da Rusiya millisini seçdi və Bakıda Azərbaycana qarşı oyunda azarkeşlərin təzyiqi ilə üzləşdi. Səmədovun aqibətini yaşamaqdan qorxmursan?

- Yox, qorxmuram. Bu haqda ümumiyyətlə düşünməmişəm. İlk növbədə Rusiya millisinin heyətinə düşmək lazımdır.

 

- "DÇ-2018"in Rusiyada keçirilməsinin də qərarında rolu var?

- İlk növbədə həmin vaxta kimi yaşamaq lazımdı. Digər tərəfdən də dünya çempionatında iştirak etməyi hər bir futbolçu arzulayır. Azərbaycan millisinin ora düşəcəyi inandırıcı deyil. Lakin Rusiya millisi yüz faiz mundialda çıxış edəcək.

 

- Nəzərə alaq ki, 2020-ci ildə Bakıda da Avropa çemponatının oyunları keçiriləcək.

- Bilirəm.

- “Spartak”ın formasını geyən həmyaşıdın Ayaz Quliyev də səninlə eyni fikirdədir. Onun üçün də ilk növbədə Azərbaycan yox, Rusiya millisidir...

- O da, mən də Azərbaycanı sevirik. Ayazla bu məsələni çox müzakirə etmişik.


 

"ERMƏNİLƏR ÖZ MİLLİLƏRİNDƏN BAŞQA HEÇ KİMƏ LAZIM DEYİLLƏR"

 

- Sizdən fərqli olaraq, burada çıxış edən ermənilər Rusiyanın deyil, öz ölkələrinin millilərini seçirlər. Onlardan fərqiniz nədədir?

- Elə erməni göstərin ki, Rusiya millisinə dəvət alıb. Mən eləsini tanımıram. Çağırsaydılar, onlar da Rusiyanı seçərdilər. Aşağı yaş qruplarında erməni futbolçular var. Lakin zaman keçdikcə, əsas milliyə dəvət almaqdıqlarından Ermənistanı seçirlər.

 

- Movsisyan bu gün “Spartak”ın əsas hücumçularından biridir. Səncə, ruslar elə hücumçunu öz millilərində görmək istəməzdilər?

- O, daha əvvəl Ermənistan millisində oynamışdı. Əvvəldən şansı olsaydı, Rusiyanı seçərdi. Onlar Ermənistandan başqa heç kimə lazım deyillər.

 

- Bilmirəm tanıyırsan, ya yox, Uruqvayın “Alyans Lima” klubunda Mauro Quevqeozian adlı futbolçu var. Montevideoda anadan olub. Uruqvay millisindən təklif alsa da, Ermənistan yığmasını seçdi...

- ... (susur)

 

"AZƏRBAYCANI, VƏTƏNİMİ RƏD ETMİRƏM"

 

- Düşünmə ki, sənə təzyiq göstəririk. Sadəcə, qərarını hər nə qədər peşəkarlıqla əlaqələndirsən də, bir azərbaycanlı kimi bizə pis təsir edir...

- Başa düşürəm. Mən Azərbaycanı, vətənimi rəd etmirəm. Ölkəmi də çox sevirəm. Hər dəfə imkan olanda ora gedirəm. Babam, nənəm, bibim, əmim - hamısı orada yaşayır.

 

- Bakıda?

- Yox, Kürdəmirdə. Mən orada çox olmuşam. İstirahət də etmişəm. Azərbaycanı hər nə qədər sevsəm də, futbol baxımından Rusiya daha yaxşıdır.

 

- Deyirsən ki, Azərbaycanın futbolu zəifdir. Sən, Ayaz, eləcə də başqaları gəlsə, millimiz inkişaf edər. Nəzərə alaq ki, son zamanlar Azərbaycanda da gənc istedadların sayı kifayət qədərdi.

- Bu haqda heç nə deyə bilmərəm.

 

- Azərbaycanla müqayisədə axı, Rusiya millisinə düşmək sənin üçün çətin olacaq.

- Çox şey baş məşqçidən də asılıdır. Məni bəyənsə, çağıracaq. Milliyə dəvət almaq üçün isə ilk növbədə klubda oynamaq lazımdır.


 

"PUL TƏKLİF ETSƏLƏR BELƏ, AZƏRBAYCANI SEÇMƏRƏM"

 

- Nə vaxta kimi Rusiyanın əsas millisindən dəvət gözləyəcəksən?

- Gənclər yığmasında çıxışımı başa vurandan sonra.

 

- Elə futbolçular olub ki, Azərbaycan millisinin formasını geymək üçün AFFA-dan pul tələb ediblər. Bəlkə...

- ... (sözümü kəsir) yox, yox. Mənim belə bir fikrim yoxdur. Bilirəm ki, Azərbaycan futbolunda böyük pullar dövr edir. Lakin mənim üçün pul birinci sırada deyil. İrəli getmək üçün bu yaşda futbol oynamaq lazımdır. Qabağa getdikcə pul özü gələcək.

 

- Belə çıxır ki, sən “öz kəndində birinci adam olmaqdansa, Romada ikinci adam olmağ”ı seçirsən?

- ... (yenidən susur)


"BİR DƏFƏ DƏ OLSUN HALK VƏ VİLLİANDA ÖZÜNDƏNRAZILIQ GÖRMƏMİŞƏM"

 

- Klubda gələcək perspektivi necə görürsən?

- İndi əsas heyətlə birgə təlim-məşq toplanışına gedirik. Baş məşqçi ilə söhbətim olmayıb. Amma orada olduğumuz müddətdə danışacağıq. Mənimlə bağlı hansı planlarının olduğunu bilməliyəm.

 

- Digər məşqçilərlə çalışmasan da, yəqin ki ən azından məşq prosesini izləmisən. Andre Villaş-Boaşın Luçano Spaletti və digərlərindən fərqi nədədir?

- Spaletti ilə məşq etməmişəm və bu suala birbaşa cavab verə bilmərəm. Amma eşitmişəm ki, Villaş-Boaşın məşqləri çox yaxşıdır. Fərqlərini isə bilmirəm.

 

- Halk, Villian kimi ulduzlarla birgə məşq etmək necə hissdir?

- Əvvəl çox sevinirdim. Çünki hamısı ulduzlardır. İndi artıq öyrəşmişəm. Mən də inkişaf etmək və gələcəkdə onlar kimi oynamaq istəyirəm.

 

- Həmin ulduzlar özlərini yuxarıdan aparmırlar?

- Yox, çox sadədirlər. 1 dəfə də olsun ki, onlarda özündənrazılıq görməmişəm. Normal ünsiyyətdə oluruq. Elə də olur ki, kömək edirlər, məsləhətlərini verirlər.  

 


Mənbə: Futbolxeber.az

Xəbər xətti