Bəhmən Həsənov: "Qəsdənmi eləmişdi, səhvmi eləmişdi, onu artıq Allah bilir"

10:39 - 28 Yanvar 2016

"Kotenko o vaxt bizə oyunuyla zərər verdi, indi də şikayətiylə"
 
“Rəvan”ın baş məşqçisi Bəhmən Həsənovun Sportal.az saytına müsahibəsi.
 
Artur Kotenko ilə bağlanmış müqavilənin şərtlərinə riayət edilməməsi üzündən “Rəvan”ın hesabından 6 xal silindi. Onsuz da yaxşı olmayan durumunuz daha da ağırlaşdı...
Əlbəttə. Zəhmətlə, çətinliklə qazandığımız xalları belə bir şəkildə itirdik. Nə edə bilərik? Futbolçuları bir araya yığıb dedim ki, indi əvvəlkindən daha ikiqat çalışmalı, daha əzmlə oynamalıyıq. Qarşıda çətin oyunlar var. “Xəzər Lənkəran” səfərinə yollanmalıyıq. Lənkəran klubuyla oynamaq çətindir. Bizim onlarla xallarımız eyni idi. Düşünürdük ki, şəxsi görüşdə qalib gəlib aralana bilərik. İndi isə onların 6 xal gerisindəyik.  
 
Artur Kotenkonun şikayətinə münasibətiniz necədi?
O futbolçu komandaya mənim baş məşqçi olduğum dönəmdə gəlmişdi. İlk oyunda elə  səhvlər buraxmışdı ki, onu heç qapıda dayanmağa buraxmalı deyildik. Oyunun son dəqiqələrində 40-45 metrdən qollar buraxdı. Qəsdənmi eləmişdi, səhvmi eləmişdi, onu artıq Allah bilir. Amma hələ onda gərək onunla yolları ayırardıq. Ancaq şans verdik və növbəti oyunlarda yenə ciddi səhvlərə yol verdi. O vaxt mən komandadan getsəm də Kotenko qaldı. Vladislav Qədirov onu ehtiyata göndərəndən sonra “Rəvan”ın nəticələri düzəlməyə başladı, komanda altılıqda qərarlaşmağa nail oldu. Yəni, Kotenko o vaxt bizə oyunuyla zərər verdi, indi də şikayətiylə.  
 
Mətbuatda belə bir xəbər yayılıb ki, futbolçulara maaş əvəzinə marketdən ərzaq götürmək təklif olunub. Bu, həqiqətdi?
Bu mövzü artıq bağlanıb və düşünürəm ki, klub tərəfindən məsələyə belə yanaşma peşəkarlığa uyğun gəlməzdi. Yanvarın əvvəlində maaşların bir hissəsi verilib. Qarşıdakı günlərdə qalan hissəsi də ödəniləcək.
 
“Rəvan” ətrafında gəzən daha bir söz-söhbət də klubun dağıla biləcəyi ilə bağlıdır. Bu barədə nə deyə bilərsiz?
Yox, bu doğru məlumat deyil. Əgər bunu 6 xalımızın silinməsiylə əlaqələndirirlərsə, biz bu xalları qazanacağıq, buna söz verirəm.

Xəbər xətti