Türkiyə klubunda oynayan azərbaycanlı: "Daha yüksək yerlərdə oynamaq istəyirəm" MÜSAHİBƏ

00:04 - 1 Oktyabr 2016

Türkiyə BAL Liqasında mübarizə aparan "Kuşadasıspor" klubunun futbolçusu Salman Altuxanov Sportal.az-a müsahibə verib.
 
21 yaşlı cinah müdafiəçisinin müsahibəsini təqdim edirik:
 
- Türkiyə klubuna transferin necə baş tutdu?
- Oyunumun videosuna baxmışdılar. Baxdıqdan sonra bəyənib məni çağırdılar. Bura gəlməyimin səbəbkarı türk menecerdir. Artıq 1 aydır ki, yeni komandamdayam. Çempionatın başlamasına az qalıb. Oktyabrın 2-si ilk oyunumuza çıxacağıq. Komandamızın məqsədi çempionluq uğrunda mübarizə aparmaqdır.
 
- Azərbaycan klublarından təklif olmadı?
- Əslində mənim çoxdan ölkə xaricində oynamaq fikrim var idi. Ona görə də "Kuşadasıspor"dan təklif gələndə yox demək istəmədim. Çox çalışıb burada daha da irəli getmək arzusundayam. Daim öz üzərimdə çalışıram. Daha yüksək yerlərdə oynamaq istəyirəm.
 
- Sabiq klubun olan "Bakı" yaxşı çətin günlər yaşayır. Bu sənə necə təsir edir?
- Mən "Bakı"nın yetirməsiyəm. Futbolçu kimi yetişməyimdə bu klubun çox böyük rolu olub. Komandanın indiki durumunu görəndə çox pis oluram. İnanıram ki, "Bakı" yenə əvvəlki günlərini geri qaytaracaq.
 
- Türkiyə futbolu ilə Azərbaycan futbolu arasında hansı fərqlər var?
- BAL Liqası Azərbaycan futbolu ilə müqayisə etsək deyə bilərəm ki, bizim I Divizionla eyni səviyyədədir. Çoxları bura aşağı liqa kimi baxsalar da səviyyəli çempionatdır. Hazırda burada çıxış edən azərbaycanlı futbolçular çoxdur. Onlarla da əlaqə saxlayıram.
 
- Azərbaycanda qayıtmaq istəyərsən?
- Nə vaxtsa Azərbaycana qayıda da bilərəm. Amma hələ ki, belə düşüncəm yoxdur. Çünki mənim fikrim Türkiyədə qalıb daha da irəli getməkdir. Bunun üçün çox çalışıram, məşqlərdə özümü yaxşı göstərmək istəyirəm.
 
- Ölkəmizin futbolunun hazırki durumu haqda nə deyə bilərsən?
- Hazırda ölkəmizin iki klubu Avropa Liqasının qrup mərhələsində mübarizə aparır. Bu futbolumuz üçün yaxşı göstəricidir. Həm "Qarabağ"a, həm də "Qəbələ"yə uğurlar arzu edirəm. Çempionatımızın səviyyəsi o qədər də yüksək olmasa da qənaətbəxş hesab etmək olar. Düzdür Premyer Liqada klubların sayı azdır. Amma daha çox klub iştirak etsə yaxşı olar".

Xəbər xətti