Tərlan Əhmədov: "Jurnalist olsaydım, baş məşqçiləri daha çox tənqid edərdim"

18:34 - 17 Dekabr 2016

Azərbaycan Premyer Liqasının XIV turu çərçivəsində keçirilən "Neftçi" - AZAL matçı qonaqların 1:0 hesablı qələbəsi ilə başa çatıb.

 

Sportal.az xəbər verir ki, qarşılaşmadan sonra "təyyarəçilər"in baş məşqçisi Tərlan Əhmədov mövsümdə qazandıqları ilk qələbəni şərh edib.

 

- Son pillədə yer alan komandalar görüşü idi. Qələbə bizə çox vacib idi ki, rəqib bizdən aralanmasın. Qış fasiləsinə bir qələbə ilə getmək istəyirdik. Son oyunlarda əzmkarlıq hiss olunurdu. Komandamdan razıyam və hamısına təşəkkür edirəm. İlk dövrədə məğlub olmuşduq. Dövrənin son oyununda qalib gəldik. Qış fasiləsində çatışmazlıqlar üzərinə işləyəcəyik. Hələ çatışmayan cəhətlər var. İli qələbə ilə başa vurduğumuz üçün çox şadam.

 

- Komandanın formalaşması uzun çəkdi. Qışda dəyişiklik edəcəksiz, yoxsa bu, imkana bağlıdı?
- Komanda noyabrın ortasından əzmkar oyun göstərməyə başladı. Bəli, dəyişikliklər olacaq. Amma çox böyük dəyişikliklər etmək fikrində deyilik. Çalışacağıq ki, büdcəmizə uyğun, amma səviyyə və təcrübə baxımından bizə kömək edə biləcək oyunçular gətirək.


- Qış toplanışı ilə bağlı planınız necədi?
- Əgər büdcə 150 mindirsə, biz heç yerə gedəsi deyilik. Son 2 ildə olduğu kimi, Şüvəlanda hazırlaşacağıq. Yanvarın 5-dən hazırlığa start verəcəyik.

 

 - Tərlan Əhmədov jurnalist kimi bugünkü qələbəni necə şərh edərdi?
- Kənardan oyunu təhlil etmək asandı. Pelenin bir müsahibəsi var ki, ona futbolla dama arasındakı fərqi soruşurlar. Deyir ki, futbolu hamı dərk edir, amma çoxu oynaya bilmir. Damanı isə hamı oynayır, amma hər kəs dərk etmir. Mən jurnalist olsaydım, bəlkə də, baş məşqçiləri daha çox tənqid edərdim. Keçən il Avroliqaya şansımız son anda əldən çıxdı. Bu il də istəməzdim ki, nə “Neftçi”, nə də AZAL bu büdcə ilə bu şəraitdə futbol oynasınlar. Oyun baxımından AZAL heç kimdən geri qalmır. Hər bir komanda “Neftçi”yə qalib gəlmək istəyər. Biz öz büdcəmizə görə “xalq komandası”na qalib gəlmişiksə, deməli, bizi qarşıda daha yaxşı oyunlar gözləyir. (Futbol11.az)

 

Xəbər xətti