Vaqif Sadıqov: "Bu qələbə Almaniya ilə oyuna yaxşı motivasiya olacaq"

01:08 - 10 Mart 2017

Qətər və Azərbaycan milli komandaları arasında keçirilmiş yoldaşlıq oyununda yığmamız 2:1 hesablı qələbə qazanıb.
 
Sportal.az
xəbər verir ki, Doha şəhərində keçirilmiş yoldaşlıq oyununu izləyən AFFA-nın İcraiyyə Komitəsinin üzvü, Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqov qarşılaşma ilə bağlı fikirlərini bildirib:

 

“Hər iki komanda üçün əhəmiyyətli oyun idi. Qətər oyunu qapalı keçirməklə öz rəqiblərindən hansısa taktiki gedişləri gizlin saxlamağa çalışdı. Bilirik ki, onları İran və Özbəkistan yığmaları ilə çətin oyunlar gözləyir. Eyni vaxtda millimiz qrupun favoriti, dünya çempionu Almaniya yığması ilə qarşılaşacaq. Yəni hər iki komanda strateji hədəflərə nail olmaq üçün yoldaşlıq matçının keçirilməsinə razılıq veriblər. Millimiz üçün vacib olan məqamlardan biri Şimali İrlandiya yığmasına ağır məğlubiyyətdən sonra qələbə qazanmaq, psixoloji cəhətdən qarşıdakı matça hazırlaşmaq idi. Bu qələbə Bakıda güclü rəqiblə keçiriləcək oyuna yaxşı motivasiya olacaq. Robert Prosineçki Almaniya millisi ilə oyunda istifadə edəcəyi modeli sınaqdan keçirdi. Komandamız sürətli əks-hücumlar qururdu. Bəzi əks-hücumlar çox kəskin alındı. Prosineçki bu oyunda həm də ehtiyat qüvvəni sınaqdan keçirdi və bu da əsas qazancımız oldu. Abbas Hüseynov, Mahir Mədətov, Tellur Mütəllimov kimi gəncləri qeyd etmək olar. Xeyli vaxtdan sonra baş məşqçi Cavid Hüseynovu milliyə qaytardı və o, komandamızın heyətində ən yaxşı oyunlarından birini keçirdi. Sadaladıqlarıma əsaslanıb oyunun vaxtında və yerində təşkil edildiyini, nəticənin də qənaətbəxş olduğunu qeyd edə bilərəm”. (affa.az)

Xəbər xətti