Röyal Nəcəfov: "Komandanın hədəfi və potensialı seçimimdə rol oynadı"

11:11 - 29 İyul 2017

Azərbaycanlı futbolçu Röyal Nəcəfovun Türkiyənin BAL Liqasında mübarizə aparan "Malatya Yeşilyurtspor" klubuna transfer olması ilə bağlı məlumatı diqqətinizə çatdırmışdıq.

 

27 yaşlı forvard Malatya təmsilçisinə transferi ilə bağlı Sportal.az-a açıqlama verib. O, qardaş ölkə klubuna keçidi haqda danışıb. Nəcəfov seçimini belə izah edib:

 

"Malatya Yeşilyurtspor"a keçidim çox yaxşı tanıdığım türk məşqçi Salih Özbirin sayəsində baş tutdu. Salih bəy mənə Türkiyədə oynamağı təklif etdi. Bundan sonra Malatyaya gəlib, klubun prezidenti və idarə heyəti ilə görüşdüm. Şəhəri gəzdirdilər, klubun bazası ilə tanış etdilər. Hər şey xoşuma gəldi və şərtlərlə razılaşıb müqavilə imzaladım. Transferimə görə klub prezidenti Dursun Sucuya, idman direktoru Ahmet Tayfuna və baş məşqçimiz İsmayıl Təkinə təşəkkür edirəm".

 

Gənc hücumçu yeni komandasının hədəfləri barədə də məlumat verib: "Malatya Yeşilyurtspor" potensialı və hədəfləri böyük olan klubdu. Ötən mövsüm 1 xal fərqlə çempionluğu əldən veriblər. Bu mövsüm üçün hədəf çempionluqdu. Məhz komandanın hədəfi və potensialı seçimimdə rol oynadı. Klubun çox gözəl infrastrukturu, baş məşqçisi və futbolu bilən rəhbərliyi var. Bu gün komanda toplanır. Yeni mövsümün hazırlıqlarına start verəcəyik".

 

Röyal Nəcəfov ilk dəfə ölkə xaricində çıxış edəcək. Futbolçu bunun çətinlik yaratmayacağını bildirib: "Legioner həyatı yaşamaq istəyirdim və özümü buna tam hazır hiss edirdim. Buna görə də təklif gələndə dəyərləndirdim. İlk dəfədi legioner həyatı yaşayacam. Çətinlik yaşayacağımı düşünmürəm. Təəssüratlarım çox gözəldi. Mənə inananların inamlarını boşa çıxarmamaq üçün əlimdən gələni edəcəm. Özümün də hədəflərim var. Əlbəttə ki, ilk hədəfim komandamla çempionluq qazanıb, daha yüksək yerlərə qalxmaqdı. İnanıram ki, bunu bacarıb, öz oyunumla daha böyük klubların diqqətini cəlb edə biləcəm".

Xəbər xətti