"Keşlə" - "Qəbələ": 43-cü duel

Martın 13-də Topaz Premyer Liqasında 20-ci tura start veriləcək. 

 

Sportal.az xəbər verir ki, milli komandaların oyunları ilə əlaqədar yaranacaq fasilə ərəfəsindəki son tur “İnter Arena”da başlayacaq. “Qəbələ” Bakıdakı qarşılaşmada “Keşlə”nin qonağı olacaq. 

 

Bu, komandalar arasında 43-cü dueldi. İlk qarşılaşması 11 il əvvələ - 2006/07 mövsümünə təsadüf edən rəqiblər indiyədək 42 dəfə üz-üzə gəliblər. “Qəbələ” 14 qələbə qazanıb, 13 heç-heçə edib və 15 matçdan məğlub ayrılıb. 100 qolun vurulduğu görüşlərdə paytaxt klubu üstünlüyə malikdi - 55:45.

 

Əvvəlki 42 matçdan 38-i çempionat, 4-ü kubok çərçivəsində baş tutub. Premyer Liqada 11 qələbəsi olan “qırmızı-qaralar” 13 heç-heçə edib və 14 dəfə uduzub. 38 dəfə rəqib qapısına yol tapan komanda 49 qol buraxıb.

 

22-ci dəfə “Keşlə”nin qonağı olacaq “Qəbələ” səfərdəki 21 matçdan 6-da qalib gəlib. Səfərdə 5 bərabərliyi olan “qırmızı-qaralar” 10 dəfə məğlubiyyətə üzülüblər. Rəqib meydanında 20 qolun sevincini yaşayan "Qəbələ" 35 top buraxıb.

 

“Keşlə” ilə görüşlərdə “Qəbələ”nin ən məhsuldar oyunçusu Daniel Subotiçdi. O, 5 dəfə fərqlənib. Son iki qarşılaşmanı qolsuz tərk etməyən Filip Ozobiçin hesabında isə 4 top var.

 

“Qəbələ” artıq 11 matçdı “Keşlə”yə uduzmur. Son 6 qarşılaşmada qalib gələn komanda bu matçlarda ən azı 2 qol vurub.

 

Xatırladaq ki, Bakıdakı “İnter Arena”da keçiriləcək “Keşlə” - “Qəbələ” qarşılaşması martın 13-də baş tutacaq.

Tarix: 11 Mart [13:13]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
25 Sentyabr 2018
24  Sentyabr 2017
© 2012 - 2018 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio