Namiq Ələsgərov: "Oyunum istədiyim kimi alınmadı" MÜSAHİBƏ

00:11 - 24 Mart 2018

Millimiz yoxlama görüşündə Belarusa 0:1 hesabıyla məğlub olub.
 
Sportal.az xəbər verir ki, millimizin yarımmüdafiəçisi Namiq Ələsgərov matçdan sonra jurnalistlərə müsahibə verib. Ələsgərov öncə oyun haqda danışıb:
 
- Oyuna pis başlamamışdıq. Qol epizodlarımız olsa da, istifadə edə bilmədik. Rəqib də əlinə düşən fürsəti qola çevirdi. Məncə, qalib gələ bilərdik, amma alınmadı.
 
- Oynadığınız oyun siz və baş məşqçini razı saldı?
- Ən yaxşı oyunumuz olmasa da, düşünmürəm ki, pis oynadıq. Normal idi. İnanıram ki, yavaş-yavaş oyunumuz alınacaq. Zamana ehtiyac var.
 
- Azarkeşlər oyunun bəzi epizodlarında milli üzvlərini fitə basıb etiraz edirdilər…
- Hər kəsin şəxsi işidir. Onları başa düşürük. Bizdən qələbə istəyirlər. İstəyirdik ki, hesabı bərabərləşdirək. Təəssüf ki, alınmadı.
 
- Zamana ehtiyac olduğunu vurğuladın. Ancaq vaxt bizi gözləmir. Millətlər Liqası turnirinə az qalıb.
- Məqsədimiz ora hazırlaşmaqdır. Nəticənin elə böyük önəmi yoxdur. İnanıram ki, həmin turnirə kimi hazır olarıq.
 
- Millimizin qrupu heç də zəif deyil. Bu oyundan sonra sizə olan inam daha da azaldı. Kosovo yeni komanda olsa da, yaxşı heyəti var. Komandamız bu yarışda nə edə bilər?
- Hər komandadan nəsə gözləmək olar. Çalışacağıq ki, qrupdan çıxaq.
 
- Belə görünür ki, Makedoniya millimizi böyük hesabla məğlub edəcək….
- Bir oyunla nəsə demək olmaz və inam azalmamalıdır. Bu oyunda uduzmağımız o demək deyil ki, digər görüşü də məğlub olacağıq. Bütün oyunlara əlimizdən gələni etmək üçün çıxırıq.
 
- Millidə debüt edən futbolçulardan hansını xüsusi fərqləndirərdin?
- Bunu deməyim düzgün olmaz. Hamı yaxşı çıxış etdi.
 
- Hər iki cinahda oynadın. Hansı mövqeydə daha yaxşı çıxış etdin?
- İstədiyim kimi oyunum alınmadı. Bəzi şeyləri də səhv etdik.
 
- Millidə Qurban Qurbanovun rəhbərliyi altında ilk dəfə oynadın. Onun başçılığı ilə yığmada əhval-ruhiyyə necədir?
- Hər şey yaxşıdır. Əsas olaraq oyunçuların nizam-intizamına və əxlaqına önəm verir. Oyunda və məqşdə isə əzmkarlıq tələb edir.

Xəbər xətti