Aleksey İsayev: "Azərbaycanla ata tərəfimdən bağlılığım var"

12:16 - 15 Sentyabr 2018

"İlk 45 dəqiqədə rəqibin cəmi bir qol imkanı oldu. Penalti zərbəsini nəzərdə tuturam. Başqa fürsətləri olmadı.  Öz dəst-xəttimizə uyğun futbol sərgiləmək istəyirdik. Hesab edirəm ki, layiqli oyun nümayiş etdirdik. Bəli, "Qarabağ"ın yüksək səviyyəli komanda olması ilə razıyam. Ancaq onlara qarşı oynamaq mümkündür.  Fasilədən sonra qırmızı vərəqə aldığımız epizodadək çox yaxşı oynadıq. Elə özümün də fərqlənmək üçün yaxşı şanslarım oldu. İmkandan istifadə edə bilmədiyim üçün komanda yoldaşlarımdan üzr istəyirəm. Azlıqda qaldıqdan sonra topa nəzarət rəqibə keçdi".

 

Sportal.az xəbər verir ki, bu sözləri "Sumqayıt"ın futbolçusu Aleksey İsayev Topaz Premyer Liqasının IV turunda səfərdə "Qarabağ"a minimal hesabla məğlub olduqları matçı dəyərləndirərkən deyib.  

 

23 yaşlı yarımmüdafiəçi oyunun son dəqiqələrində yaşanan qalmaqallı epizodla bağlı danışıb: "Qalmaqallı epizod idi. Baş məşqçimiz də topun rəqibin futbolçusunun əlinə dəydiyini dedi. Amma hakim həmin epizodda susmağa üstünlük verdi. Səbəbini onun özündən soruşmaq lazımdır. Bəlkə rəqib "Qarabağ" olduğuna görə hakim penalti təyin etmədi? Bilmirəm, bu barədə danışa bilmərəm". 

 

İsayev "Sumqayıt"ın qarşısına qoyulan məqsədlərdən danışıb: "Avropa Liqasına vəsiqə qazanmaq tapşırığımız var.  Klub prezidenti deyib, biz də həyata keçirməliyik. Yaxşı, keyfiyyətli komandamız var. Hesab edirəm ki, məqsədimizə çatmalıyıq. Komandamız yenidir. Cəmi 2 aydır bir yerdəyik. Bizə vaxt verin və hər şeyi özünüz görəcəksiniz". 

 

Müqavilə ilə "Zenit"ə məğsus olan və Rusiya vətəndaşı olan İsayev Azərbaycanla bağlılığından danışıb: "Azərbaycanla ata tərəfimdən bağlılığım var. Ancaq uşaqlıqdan atasız böyümüşəm. Milli komandaya gəlincə, hələlik bu barədə qərar verməmişəm, düşünürəm". 

Xəbər xətti