Qurban Qurbanov: "Futbolçularda daha çox psixoloji yorğunluq hiss edilirdi"

00:10 - 26 Yanvar 2020

“Qarabağ” Türkiyənin Antalya şəhərindəki təlim-məşq toplanışı çərçivəsinin son günündə Çexiyanın "Siqma" (1:3) və Polşanın "Visla Plok" (2:3) klubları ilə yoxlama görüşü keçirdi.

 

Sportal.az xəbər verir ki, Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov oyunlar və hazırlıq prosesi barədə fikirlərini klubun saytına açıqlayıb:

 

"Bu gün iki oyun keçirdik. Məğlubiyyətə baxmayaraq, komandadan razı qaldım. Bütün futbolçular demək olar, 90 dəqiqə meydanda oldular. Hər iki komanda bizim üçün çox yaxşı rəqib oldu. Yaxşı pressinq edib, mübarizə aparırdılar. Bu amillər toplantının sonlarında çox vacib idi. Görüşlərdən və futbolçuların oyunlara yanaşmasından razı qaldım.

 

Bundan əlavə, hazırlığımız pis keçmədi. Düzdür, son bir neçə gündə yorğunluq var idi. Futbolçularda daha çox psixoloji yorğunluq hiss edilirdi. Hər bir futbolçu ən yaxşısını etməyə çalışdı. Hazırlıqdan razı qaldım. Hələ tam istədiyimiz performansda deyilik. Düşünürəm ki, Bakıda bunun davamını mütləq gətirəcəyik. Çempionata daha da yaxşı hazırlaşmaq üçün bir həftəyə yaxın vaxtımız var. Bu imkandan çalışıb, maksimum istifadə edəcəyik".

Xəbər xətti