Milli komandaların oyunları ilə əlaqədar Misli Premyer Liqasında yaranan fasilədə hazırlığı davam etdirən "Qarabağ" və "Zirə" yoxlama oyununda qarşılaşıb. “Azersun Arena”nın məşq meydançasında keçirilən matç Ağdam təmsilçisinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.
Sportal.az xəbər verir ki, oyundan sonra "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov jurnalistlərin suallarını cavablandırıb:
“Fasilə uzun alındı. Biz belə uzun fasiləyə öyrəşməmişik. Milli komandalara çağırılan futbolçularımızı və zədələri nəzərə alaraq bir yoxlama oyunu keçirməyə qərar verdik. Hər iki komanda istəkli oynadı. Əsas məqsəd “Şamaxı” ilə oyuna yaxşı hazırlaşmaq idi. Ümid edirəm ki, yaxşı oyun nümayiş etdirib, bizə lazım olan nəticəni qazanacağıq. Qol epizodlarını dəyərləndirməklə bağlı problemlərimiz var. Amma bu gün nəticə önəmli deyildi. İki hissəni 40 dəqiqə oynadıq və matçın 55-60 dəqiqəsi məni qane etdi. Daha sonra futbolçularda yorğunluq hiss etdim.
Komandanın səkkiz aparıcı futbolçusu yox idi. Bu baxımdan ciddi problemlər yaşayırıq. Təəssüf ki, bəzi oyunçularımız yalnız 2-3 aydan sonra komandaya qayıdacaqlar. Bir neçə gün əvvəl məşq zamanı zədələnən Bayere Lounu da itirdik. O, iki ay meydana çıxa bilməyəcək. Hücum xəttində xüsusi problemlərimiz var".
- Azərbaycan millisi Lixtenşteynlə heç-heçədən sonra ciddi tənqid olunur. Litva ilə vacib oyun öncəsi nə deyə bilərsiniz?
- Mən uzun illər milli komandada oynamışam. Qələbə olmayanda komanda tənqid edilir. Qol vurmaq üçün çoxlu imkanlar var idi. Bu imkanlardan istifadə edə bilməyəndə futbolçularda stress yaranır. Litva ilə oyun çox vacib olacaq. İnanıram ki, milli komanda qalan iki oyunda qələbə qazanacaq və qrupda birinci yeri tutacaq.
- Sizcə, Ayxan Abbasov millinin baş məşqçisi vəzifəsində qalmalıdır?
- Mən ona sona qədər inanıram. Lixtenşteynlə oyun uğursuz günə təsadüf etdi. Komanda oynadı, çalışdı, amma alınmadı. İnanıram ki, növbəti oyunlarda nəticə baxımından vəziyyət tam əksinə olacaq.
saytlarin hazirlanmasi
